Bakı, TurkicWorld
Oksfordda yerləşən Blenheym sarayında Böyük Britaniyada Avropa Siyasi Birliyinin IV Zirvə toplantısı keçirilir.
TurkicWorld xəbər verir ki, 47-yə yaxın dövlət və hökumət başçısı Zirvə toplantısına dəvət olunublar.
Liderlər Ukraynaya gələcək dəstəyi, eləcə də, ümumi çağırışları müzakirə edəcəklər. Dəyirmi masa iclaslarında miqrasiya, enerji, qarşılıqlı əlaqələr, müdafiə və demokratiyanın qorunması kimi mövzular müzakirə olunacaq.
Avropa Siyasi Birliyi ümumi maraq kəsb edən məsələlərin həlli və təhlükəsizlik, sabitlik və Avropa qitəsinin çiçəklənməsi üçün siyasi dialoq və əməkdaşlığı inkişaf etdirməyə çalışır.
2022-ci ilin oktyabrında keçirilən ilk görüşdə liderlər sülh və təhlükəsizlik, Rusiya-Ukrayna müharibəsi və enerji böhranını müzakirə ediblər. 2023-cü ilin iyununda keçirilən növbəti görüşdə Avropada sülh və təhlükəsizlik, enerji dayanıqlılığı, qarşılıqlı əlaqələr və mobilliyin təmin edilməsi üzrə birgə səylər müzakirə olunub. 2023-cü ilin oktyabrında Qranadada liderlər Avropanı geosiyasi çağırışlara qarşı daha dayanıqlı etməyin yollarını müzakirə ediblər.