Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərin möhkəmlənməsinə kömək edəcək - Eli Koen

Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərin möhkəmlənməsinə kömək edəcək - Eli Koen

Bakı. TurkicWorld:

Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərin möhkəmlənməsinə kömək edəcək.

TurkicWorld-un məlumatına görə, bunu Trend-ə cümə axşamı İsrailin xarici işlər naziri Eli Koen deyib.

O, İsraildə səfirliyin açılması ilə bağlı qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

"Bu gün ölkələrimiz üçün tarixi bir gündür. Azərbaycanın İsraildə səfirliyinin açılması ilə münasibətlərimizdə yeni dövrə qədəm qoyuruq", - deyə nazir bildirib.

Nazir qeyd edib ki, gələn ay Bakıya səfər etməyi planlaşdırır.

"Bizim əməkdaşlığımızın təhlükəsizlik, iqtisadiyyat, ticarət və turizm kimi sahələrə yönəldilməsi çox vacibdir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı heç vaxt antisemit olmadığı üçün fəxr edə bilər. Bu, bizim həmişə dəyər verəcəyimiz şeydir", - deyə nazir bildirib.

Azərbaycan xalqı ilə yəhudi icması arasında uzunmüddətli möhkəm münasibətlərin olduğunu vurğulayan nazir Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını da təbrik edib.