BAKI, TurkicWorld, Orxan Qədirzadə
İndoneziya hökuməti BMT-ni Cənubi Livanda UNIFIL sülhməramlı kontingentinin tərkibində xidmət edən 3 əsgərinin ölümü ilə bağlı təcili beynəlxalq təhqiqat açmağa çağırıb.
TurkicWorld xəbər verir ki, İndoneziya Xarici İşlər Nazirliyinin BMT-dəki nümayəndəsi Ömər Hadi Təhlükəsizlik Şurasının fövqəladə iclasında hadisənin birbaşa BMT tərəfindən araşdırılmasını və məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib.
"Reuters" agentliyinin məlumatına görə, İndoneziya əsgərləri Cənubi Livanda baş verən iki ayrı insident nəticəsində həlak olublar. Bazar ertəsi günü Bəni Hayyan kəndi yaxınlığında UNIFIL avtomobilinin partladılması nəticəsində 2 sülhməramlı ölüb, daha 2-si yaralanıb. Bazar günü isə Adşit əl-Qusayr kəndi yaxınlığında mərmi düşməsi nəticəsində daha bir İndoneziya hərbçisi həyatını itirib.
BMT-nin sülhməramlı əməliyyatlar üzrə rəhbəri Jan-Pyer Lakrua ilkin araşdırmalara əsasən partlayışın yol kənarına yerləşdirilmiş qurğudan qaynaqlandığını bildirsə də, yerli mənbələr hadisənin İsrail ordusunun artilleriya atəşi nəticəsində baş verdiyini iddia edir.
İsrail ordusu hadisədə məsuliyyəti rədd edərək daxili təhqiqatın ərazidə heç bir partlayıcı qurğu yerləşdirmədiklərini və hadisə zamanı bölgədə İsrail qüvvələrinin olmadığını üzə çıxardığını bəyan edib.
Livan tərəfindən isə Prezident Cozef Aun İndoneziya prezidenti Prabovo Subiantoya başsağlığı verərək sülhməramlıların hədəf alınmasını pisləyib. O, İndoneziya kontingentinin Cənubi Livanda sabitliyin qorunmasında oynadığı rolu yüksək qiymətləndirib.
İndoneziya 2700-dən çox hərbçisi ilə UNIFIL missiyasına ən böyük töhfə verən ölkələrdən biridir. Cakarta rəsmiləri daha əvvəl xəbərdarlıq etmişdilər ki, İsrailin bölgədəki hərbi əməliyyatları sülhməramlı qüvvələri ciddi risk altında qoyur.







