BAKI, TurkicWorld, Orxan Qədirzadə
Hindistanın Assam ştatında aprelin 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində seçki dairələrinin yenidən müəyyən edilməsi ciddi siyasi qalmaqala və etnik-dini gərginliyə səbəb olub.
TurkicWorld xəbər verir, ki hakim Bharatiya Janata Partiyasının (BJP) nəzarəti altında həyata keçirilən bu proses müsəlman seçicilərin təsir gücünü minimuma endirmək məqsədi daşıyır.
Mütəxəssislər Assamda tətbiq edilən modeli "kommunal cerrymenderinq" adlandırırlar ki, bu prosesdə müsəlman seçicilərin cəmləşdiyi ərazilər müxtəlif hindu çoxluqlu dairələr arasında bölüşdürülərək onların vahid səs gücü parçalanıb. Eyni zamanda, bir neçə dairədə qalib gələ biləcək müsəlman anklavları süni şəkildə tək bir dairədə sıxışdırılaraq birləşdirilib ki, bu da digər dairələrdə hinduların mütləq üstünlüyünü təmin edib. Digər bir taktika kimi isə hindu əhalinin çoxluq təşkil etmədiyi məntəqələr bir araya yığılaraq süni hindu çoxluğu yaradılıb. Nəticədə, delimitasiyadan əvvəl ştatın 126 seçki dairəsindən 35-ində müsəlmanlar üstünlük təşkil edirdisə, hazırda bu rəqəmin 20-yə düşdüyü bildirilir.
Xüsusilə Banqladeşlə sərhəddə yerləşən Katigorah dairəsində əvvəllər hindu və müsəlman əhali bərabər bölüşdürülmüşdüsə, yeni sərhədlərlə qonşu dairələrdən 40 000 hindu seçici bura birləşdirilib. Barpeta kimi tarixi müsəlman çoxluqlu dairələr isə sərhədlərin dəyişdirilməsi nəticəsində hindu çoxluqlu dairələrə çevrilib və bəzi hallarda xüsusi kastadan olan hindu namizədlər üçün rezerv edilib.
Ekspertlər qeyd edir ki, Assam ştatı BJP-nin hindu millətçiliyi siyasətinin sınaq laboratoriyasına çevrilib. Müsəlmanlar Assam əhalisinin 34 faizindən çoxunu təşkil etsələr də, bu cür coğrafi manipulyasiyalar onların parlamentdəki təmsilçiliyini əhəmiyyətli dərəcədə zəiflədir. Hakim partiya isə bu iddiaları rədd edərək, prosesin yerli xalqın hüquqlarını qorumaq məqsədi daşıdığını iddia edir. Assamda yaşayan müsəlman fəallar və siyasətçilər isə bu vəziyyəti siyasi səsin batırılması kimi qiymətləndirirlər.