Son dəqiqə

Trend BİA DHA Rəşad Məcid

Trend BİA və DHA-nın yeni birgə layihəsi bütün türk dünyasına nümunə olacaq - Rəşad Məcid

Bakı. TurkicWorld:

İnanıram ki, Trend BiA və DHA-nın yeni birgə layihəsi bütün türk dünyasına nümunə olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid "Demirören Holding"in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com" portalının təqdimatı mərasimində çıxışı zamanı deyib.

"Bu layihəyə görə hər kəsi təbrik edirəm. Bütün türk xalqına, dövlətinə minnətdarlığımı bildirirəm. İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin böyük dəstəyini hiss etdik. Bütün bunlar böyük ehtirama layiqdir. Bu gün biz Şuşada bayraqlarımızın yanaşı dalğalandığını görürük.

Şuşada "dhapress.com" portalının ilk təqdimatının keçirilməsi də böyük hadisədir.

Trend İnformasiya Agentliyi Azərbaycanın nüfuzlu agentliklərindəndir. İllərdir öz etibarlılığını qoruyub-saxlayıb. İnanıram ki, bu ortaq media platforması bütün türk dünyasına nümunə olacaq. Bu mənada, arzulayıram ki, gələcəkdə bütün türk dövlətlərini əhatə edən böyük bir saytın açılışı bunun əsasında baş versin", - deyə R.Məcid bildirib.

Xatırladaq ki, "Demirören Holding"in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com" portalının təqdimat mərasimi baş tutub. "www.dhapress.com" layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə media platformasının yaradılmasına dair irəli sürdüyü təşəbbüs çərçivəsində həyata keçirilib. Portalın unikal xüsusiyyəti Azərbaycan dilində xəbər lentinə malik olmasıdır. İlk dəfə Türkiyənin media bazarında Azərbaycan xəbərləri Azərbaycan dilində təqdim olunacaq. Təqdimat mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, "DHA"-nın baş direktoru Cəlal Korkut, Trend BİA-nın direktoru İlqar Hüseynov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Milli Məclisin deputatı Sevil Mikayılova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə və Azərbaycanın rəsmi şəxsləri və ictimai xadimləri, iki ölkənin işgüzar dairələrinin nümayəndələri, eləcə də, Türkiyədə akkreditasiya olunmuş yerli və xarici KİV nümayəndələri iştirak ediblər.

Mövzuya görə xəbərlər