Bakı. TurkicWorld:
Azərbaycan Özbəkistanın Cənubi Qafqazda ən yüksək etimad səviyyəsində münasibətlər qurduğu ilk ölkə olub və ikitərəfli dialoqun statusunu müttəfiqlik münasibətləri səviyyəsinə yüksəldib.
TurkicWorld xəbər verir ki, bu barədə Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoru Javlon Vahabov Bakıda keçirilən "C6: Vahid region, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı geniş gündəliyin demək olar ki, bütün istiqamətləri üzrə keyfiyyətcə yeni mərhələyə keçidi ifadə edir.
"Ötən ilin noyabrından etibarən biz artıq C5 deyil, C6-yıq. Bu, sadəcə rəqəmlər olmağın ötəsindədir: Mərkəzi Asiya ölkələri Azərbaycanla birlikdə yeni institusional Mərkəzi Asiyanın nüvəsini formalaşdırır. Azərbaycanın regional formata qoşulması ilk növbədə Mərkəzi Asiya dövlətləri ilə möhkəm ikitərəfli əməkdaşlıq təməlində, həmçinin son illər ərzində formalaşmış çoxtərəfli strukturlar əsasında həyata keçirilir", – deyə o qeyd edib.
J. Vahabov vurğulayıb ki, intensiv dialoq dövründə son üç il ərzində Azərbaycan üzərindən keçən Orta Dəhliz üzrə yükdaşımalar 90 faiz artıb.
"Bu, 2017-ci ilə qədər müşahidə olunmayan əlamətdar göstəricidir. Özbəkistan–Azərbaycan münasibətlərinə gəldikdə, ötən il Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfər edib, bundan əvvəl isə, 2024-cü ildə ölkələr müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıblar. İkitərəfli ticarət də bu əlaqələrin möhkəmləndiyini nümayiş etdirir", – deyə o əlavə edib.







