Daşkənd, TurkicWorld
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün iyulun 5-də Azərbaycana işgüzar səfərə yola düşüb.
TurkicWorld bu barədə Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
""Nəqliyyat, rabitə və iqlim dəyişikliyi ilə mübarizə vasitəsilə dayanıqlı gələcəyin qurulması" mövzusunda keçiriləcək dövlət başçıları Şurasının növbədənkənar iclasınn gündəliyinə ticari-iqtisadi, nəqliyyat-kommunikasiya və investisiya-maliyyə sahələrində, eləcə də "yaşıl" iqtisadiyyat, bərpa olunan enerji, iqlim dəyişikliyi ilə mübarizə və insan kapitalının inkişafı sahəsində regional əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri daxil olunub", - mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd edək ki, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Görüş mühüm məsələlərin və təşkilatın gündəliyinin yüksək səviyyədə müzakirəsi üçün platforma olaraq çıxış edəcək.
Görüşün sonunda Qarabağ bəyannaməsinin, eləcə də bir sıra digər vacib sənədlərin imzalanacağı gözlənilir.