Türkiyənin Milli Sualtı Qayıq Layihəsinin tikinti fəaliyyətlərinə başlanılır

Türkiyənin Milli Sualtı Qayıq Layihəsinin tikinti fəaliyyətlərinə başlanılır

Bakı. TurkicWorld:

Türkiyənin Gölcük Gəmiqayırma Zavodu Komandanlığı tərəfindən həyata keçiriləcək MİLDEN (Milli Sualtı Qayıq) Layihəsi çərçivəsində tikinti fəaliyyətlərinə başlanılır.

TurkicWorld-un məlumatına görə, Türkiyə hazırda 6 ədəd Type-214TN Reis Sinif sualtı qayıqlarının tikintisini davam etdirir.

Almaniya ilə birgə həyata keçirilən Yeni Tip Sualtı Layihəsindən sonra Türkiyə MILDEN Layihəsi çərçivəsində öz milli sualtı qayıqlarını qurmağı hədəfləyir.

“MILDEN Layihəsi çərçivəsində “Sınaq Bloku”nun tikinti fəaliyyətlərinə 2023-cü ildə, gəminin tikinti fəaliyyətlərinə isə 2025-ci ildə başlanılması planlaşdırılır. İlk MİLDEN sualtı qayığının 2030-cu ilə qədər Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilməsi gözlənilir”. - deyə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirib.

Qeyd edək ki, MILDEN təxminən 2 min 700 ton yerdəyişmə qabiliyyətinə, 80 metrdən çox boyaya və havadan asılı olmayan hərəkət sisteminə malik dizel-elektrik sualtı qayıq kimi dizayn edilib.

Türk Dəniz Qüvvələrinin gələcək əməliyyat ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulan MILDEN, Türkiyənin sahib olduğu mövcud sualtı qatıqlarla müqayisədə daha uzun müddət su altında qala biləcək, daha çox silah yükü daşıyacaq və silahlarla daha dərin səviyyədə əməliyyatlar həyata keçirə biləcək.

Digər tərəfdən, MILDEN-in Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarında Şaquli Başlatma Sistemli ilk sualtı qayıq olacağı təxmin edilir.

Məlumat üçün bildirək ki, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarında olan bütün sualtı qayıqlar (Ay, Gür və Preveze sinifi) və Reis sinfi sualtı qayıqlar Alman dizaynıdır.