Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiqləyən sənədi ABŞ-a təhvil verib

Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiqləyən sənədi ABŞ-a təhvil verib

Bakı, TurkicWorld:

Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiqləyən sənədi Şimali Atlantika Müqaviləsinin himayədarı olan ABŞ-a təhvil verib.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, Mövlud Çavuşoğlu sənədi ABŞ dövlət katibi Antoni Blinkenə NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində təqdim edib.

Məlumat üçün qeyd edək ki, martın 17-də Finlandiya prezidenti Sauli Niinisto Türkiyəyə səfər edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Finlandiyanın NATO üzvlüyünə qəbul edilməsi barədə müzakirələr aparıb.

Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş Assambleyasında martın 31-də qəbul edilib.

Bildirək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Bu ölkələrin NATO-ya üzv ola bilməsi üçün alyansın bütün üzvləri protokolu ratifikasiya etməlidir. Lakin Türkiyə bu ölkələr silah embarqolarını qaldırana və öz ərazilərində terror təşkilatlarına qarşı mübarizəni gücləndirənə qədər protokolu ratifikasiya etməkdən imtina edib.