Bakı, TurkicWorld:
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 18 mart tarixində Misir Xarici İşlər naziri Sameh Şükrinin dəvəti ilə 11 il sonra Misirin paytaxtı Qahirəyə rəsmi səfər edəcək.
TurkicWorld AzerPress-ə istinadən xəbər verir ki, nazirlərin Türkiyə-Misir qarşılıqlı münasibətlərini müzakirə edəcəyi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.
Xatırladaq ki, Sameh Şükri və Mövlud Çavuşoğlu son dəfə Türkiyədə baş verən zəlzələdən sonra fevralın 27-də görüşüblər.
Misir zəlzələdən sonra Türkiyəyə humanitar yardım göndərib.
Məlumat üçün qeyd edək ki, Misirlə Türkiyə arasında əlaqələr 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra pisləşib. 2020-ci ilin avqust ayından münasibətlər normallaşmağa başlayıb. 2021-ci il 5-6 may və 7-8 sentyabr tarixlərində Qahirə və Ankarada Xarici İşlər nazirlərinin müavinlərinin sədrliyi ilə siyasi məsləhətləşmələr keçirilib.