Türkiyədə zəlzələdən zərərçəkmiş əhaliyə hələ də yardımlar davam edir - Vəqf rəhbəri

Türkiyədə zəlzələdən zərərçəkmiş əhaliyə hələ də yardımlar davam edir - Vəqf rəhbəri

Bakı. TurkicWorld:

Türkiyənin 11 vilayətində baş verən zəlzələdən sonra çox sayda insan dağıntılar altında qalıb, zəlzələdən zərərçəkmiş əhaliyə yardımlar hələ də davam edir.

TurkicWorld-un məlumatına görə, bunu AzerPress-ə özəl açıqlamasında Türkiyənin İnsan Vəqfinin rəhbəri Cengiz Aslan deyib.

O qeyd edib ki, hal-hazırda evsiz qalan insanların, qida, geyim və s. kimi ehtiyacları var.

“İnsan Vəqfi olaraq zəlzələnin ilk günündən bölgəyə axtarış-xilasetmə dəstələrimizi göndərdik. Vəqfimiz tərəfindən dağıntılar altından 20 vətəndaşımız sağ, 100 nəfərin isə cansız bədəni çıxarılıb” – deyə o qeyd edib.

Aslan bildirib ki, Adana, Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Malatya, Qaziantep bölgələrindəki mərkəzləri vasitəsilə insanların yemək, geyim, gigiyenik vasitələr, çadır, soba, kömür və digər ehtiyacları qarşılanıb.

O, Kahramanmaraşda səkkiz, Malatyada dörd, Hatayda üç, Qaziantep, Adıyaman, Osmaniyə və Adanada hərəsində bir mobil yeməkxana olmaqla cəmi 19 yeməkxana qurulduğunu əlavə edib.

“Bölgədə yeddi logistika mərkəzi, yeddi səyyar sanitar qovşaq qurulub, 305 avtomobil və 3200 könüllü işə cəlb edilib”- deyə Aslan vurğulayıb.

O, hal-hazırda Kahramanmaraş, Hatay, Adıyaman, Adana, Malatya və Qaziantep vilayətlərində işlərin davam etdirildiyini deyib.

Aslan növbəti günlərdə çadır və konteyner şəhərciklərin qurulması üzərində çalışacaqlarını, həmin şəhərciklərdə mobil yeməkxana və qida paylama xidmətlərinin davam etdiriləcəyini də əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 43 min 556 nəfərə çatıb.

Twitter: Lamanasadli01