Türkiyədə təhsil alan xarici tələbələr zəlzələ bölgələrində aparılan işlərə kömək edirlər

Türkiyədə təhsil alan xarici tələbələr zəlzələ bölgələrində aparılan işlərə kömək edirlər

Bakı. TurkicWorld:

Türkiyədə təhsil alan Suriya, Sudan, Qana, Fələstin, Əlcəzair, Tunis, Mərakeş, Pakistan, Tacikistan, Şərqi Türküstan, Azərbaycan, Banqsamoro, Burkina Faso, Keniya, Somali, İndoneziya, Çeçenistan və Ukrayna da daxil olmaqla 19 müxtəlif ölkədən 50-dən çox qız tələbə Sefire-i Alem Dərnəyinin liderliyi ilə, TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin İHH İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin bazarında satılması planlaşdırılan yerli yeməkləri hazırlamaq üçün bir araya gəliblər.

Tələbələr zəlzələ bölgəsinə göndərilmək üçün müxtəlif bəzək əşyaları hazırlayıb, geyimlər tikiblər.

Suriyalı tələbələrin təşkil etdiyi iş çərçivəsində zəlzələdən zərər çəkmiş əyalətlərdə uşaqlara göndərilmək üçün yüzlərlə oyuncaq toplanıb.

Qeyd edək ki, bazardan əldə edilən gəlir İHH-nın planlaşdırılmış konteyner məhəlləsində istifadə olunacaq.

Sefire-i Alem Dərnəyinin sədri Derya Şama bu işi zəlzələ bölgələrinə dəstək vermək üçün həyata keçirdiklərini və qurduqları emalatxanalarda işlərin davam etdiyini bildirib.

“Toxuculuq seximizdə hazırlanan bütün məhsullar zəlzələ zonasına göndəriləcək. Digər emalatxanamızda hazırlanan bəzək əşyaları da zəlzələdən zərər çəkmiş uşaqlarımıza hədiyyə olunacaq” - deyə Şama bildirib.

Fatih Sultan Mehmet Vakif Universiteti Biotibbi Mühəndislik fakültəsinin tələbəsi Maha Taetae, Suriyalı tələbələr olaraq oyuncaq kampaniyasına başladıqlarını və zəlzələ bölgəsindəki uşaqlara göndəriləcək oyuncaqlar topladıqlarını əlavə edib.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) arasında rəsmi media tərəfdaşlığı 2023-cü ilin yanvar ayının 18-də imzalanıb.