BAKI,TurkicWorld Orxan Qədirzadə
İstanbul Valiliyi məktəblərdə şagirdlərin və təhsil işçilərinin ibadət ehtiyaclarının qarşılanması məqsədilə məscid sahələrinin yaradılması ilə bağlı qərar qəbul edib.
Vali Davut Gülin imzası ilə 39 rayonun aidiyyəti qurumlara göndərilən yazıda məktəblərdə ibadət üçün uyğun fiziki məkanların yaradılması tələb olunub.
Sənəddə bildirilib ki, cəmiyyətin mənəvi dəyərləri çərçivəsində şagirdlərin və təhsil işçilərinin əsas hüquq və azadlıqları arasında yer alan ibadət ehtiyaclarının təmin edilməsi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, məktəb mühitində şagirdlərin sosial, mədəni və mənəvi inkişafının dəstəklənməsi ilə yanaşı, onların inanc və ibadətlərini uyğun şəraitdə yerinə yetirə bilmələri üçün məkanların yaradılması təhsil xidmətlərinin tamamlayıcı hissəsidir.
Qərara əsasən, yeni tikiləcək məktəb və təhsil müəssisələrinin layihələrində cümə namazının qılınmasına imkan verəcək tutuma malik məscid sahələrinin nəzərdə tutulması planlaşdırılır.
Hazırda fəaliyyət göstərən məktəblərdə isə mövcud imkanlar əsasında uyğun sahələrin dəyişdirilərək cümə namazı üçün istifadə edilə biləcək məkanlara çevrilməsi nəzərdə tutulur.
Valiliyin açıqlamasında bildirilib ki, bu addım şagirdlərin ibadətlərini təhlükəsiz şəkildə həyata keçirməsinə imkan yaratmaq, ibadət məqsədilə məktəbdən kənara çıxışları azaltmaq və tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədi daşıyır.






