BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyə NATO-nun mühüm müttəfiqlərindən biridir və ölkənin müdafiə sənayesi sahəsində qazandığı texnoloji təcrübə həm Belçika, həm də bütövlükdə Avropa üçün böyük maraq doğurur.
Bu fikirləri Belçikanın müdafiə naziri Teo Franken Ankarada keçiriləcək NATO sammiti ərəfəsində Anadolu Agentliyinə müsahibəsində səsləndirib.
Nazir bildirib ki, qarşıdan gələn sammit Alyans üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, son beynəlxalq hadisələr fonunda NATO mürəkkəb bir dövr keçirib.
Franken qeyd edib ki, Yaxın Şərqdəki vəziyyət, İrana qarşı siyasət, ABŞ hərbi təyyarələrinin istifadə edəcəyi bazalarla bağlı fikir ayrılıqları, eləcə də müdafiə xərclərinin artırılması mövzusunda müttəfiqlər arasında müxtəlif baxışlar mövcud olub.
"Bu səbəbdən hazırda ən vacib məsələ NATO daxilində birliyin qorunmasıdır", – deyə nazir vurğulayıb.
O bildirib ki, müttəfiqlər müdafiə investisiyalarının artırılması, NATO-nun Qüvvələr Modelinin gücləndirilməsi, müdafiə sənayesində istehsal imkanlarının genişləndirilməsi, hava hücumundan müdafiə sistemlərinin inkişafı və yeni texnologiyalar üzrə birgə fəaliyyət göstərməlidirlər.
Teo Franken Ankaraya səfərini səbirsizliklə gözlədiyini bildirərək, NATO Müdafiə Sənayesi Forumunda iştirak edəcəyini və Türkiyə xalqının qonaqpərvərliyini yenidən görməkdən məmnun olacağını deyib.
Nazirin sözlərinə görə, sammitdə əsas mesaj müttəfiqlərin həmrəyliyinin nümayiş etdirilməsi olmalıdır.
"Birlikdə güclüyük, parçalandığımız halda isə zəifləyərik. Bununla yanaşı, texnologiya, hava hücumundan müdafiə və müdafiə sənayesində istehsal imkanlarının artırılması istiqamətində fəaliyyətimizi gücləndirməli, həmçinin Ukraynaya dəstəyi davam etdirməliyik", – deyə o bildirib.
"NATO 3.0" daha böyük məsuliyyət tələb edir
Franken Ankarada təqdim olunması gözlənilən "NATO 3.0" konsepsiyasına da toxunaraq bildirib ki, bu yanaşma Belçika və digər Avropa müttəfiqlərinin daha çox məsuliyyət daşımasını nəzərdə tutur.
Onun sözlərinə görə, Avropa ölkələri müdafiəyə daha çox sərmayə yatırmalı və qitənin təhlükəsizlik arxitekturasında daha fəal rol oynamalıdır.
Nazir ABŞ-ın gələcəkdə Avropadakı hərbi mövcudluğunu azaltmaq niyyətinə də münasibət bildirib. O qeyd edib ki, ABŞ diqqətini Asiya-Sakit okean regionuna yönəltdikcə Avropa ölkələri NATO çərçivəsində yaranacaq imkan boşluqlarını doldurmalı və müdafiə potensialını gücləndirməlidirlər.
Franken əlavə edib ki, Belçika NATO-nun Qüvvələr Modeli çərçivəsində yanacaq dolduran hərbi təyyarələr, F-16 qırıcıları, MQ-9B SkyGuardian pilotsuz uçuş aparatları, eləcə də kəşfiyyat, müşahidə və hədəf müəyyənləşdirmə vasitələri təqdim edəcək.
"Türkiyə SAFE-2 proqramında mütləq iştirak etməlidir"
Belçikalı nazir Türkiyənin NATO daxilində mühüm yer tutduğunu vurğulayaraq, Avropa İttifaqının kredit mexanizmlərinə əsaslanan SAFE-2 proqramında Ankaranın iştirakının vacibliyini qeyd edib.
O bildirib ki, Türkiyənin əvvəlki mərhələ olan SAFE-1 proqramına daxil edilməməsi düzgün qərar olmayıb.
"Türkiyə çox mühüm müttəfiqdir. NATO Türkiyəyə ehtiyac duyur. Belçika və Avropa Türkiyənin texnoloji təcrübəsindən faydalana bilər", – deyə Franken bildirib.
Nazir həmçinin Belçikanın Zeebrügge hərbi-dəniz bazasında keçirilən "Navy Days 2026" tədbiri çərçivəsində Türkiyəyə məxsus TCG Burgazada korvetini ziyarət etdiyini xatırladıb.
Onun sözlərinə görə, gəmi müasir texnologiyalar və yüksək standartlarla təchiz olunmuş təsirli platformadır.
Franken əlavə edib ki, Belçika ilə Türkiyə NATO çərçivəsində çoxsaylı birgə təlimlər keçirir və gələcəkdə müdafiə sənayesi ilə birgə satınalmalar sahəsində əməkdaşlıq daha da genişləndirilə bilər.
Nazir ötən ay Belçikanın Türkiyəyə təşkil etdiyi geniş iqtisadi missiyanın artıq konkret nəticələr verdiyini, yeni müqavilələrin imzalandığını və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini bildirib.







