Son dəqiqə

Belçika Konqo

Konqo Belçikadan insan qalıqlarının qaytarılmasını tələb edir

Bakı, TurkicWorld

KDR-in Baş naziri tərəfindən Belçikanın Baş nazirinə ünvanladığı məktubda insan qalıqlarının ölkəsinə qaytarılmasının və mərhumların doğma torpaqlarında ləyaqətlə dəfn edilməsinin vacibliyi vurğulanıb. Belçika tərəfi repatriasiyanın hüquqi və praktiki aspektlərinin müzakirəsi məqsədilə birgə komissiyanın yaradılmasına razılıq ifadə etsə də, bu istiqamətdə hələ də konkret icra mexanizmləri müəyyələşdirilməyib. Həmçinin insan qalıqlarının geri qaytarılmasının müddəti və prosedurları barədə hələ də dəqiqləşdirmələr aparılmayıb.

Hazırda Belçikada KDR, Ruanda və Burundi ərazilərindən müstəmləkəçilik dövründə aparılmış 500-dən çox insan qalığı, o cümlədən kəllə və skelet nümunələri saxlanılır. Onların əhəmiyyətli hissəsi Brüsseldəki Təbiət Elmləri üzrə Kral İnstitutunun kolleksiyalarındadır. Konqolu fəallar və qurbanların ailələri bu qalıqların elmi kolleksiyalarda saxlanılmasını insan ləyaqətinin pozulması və müstəmləkəçilikdən miras qalmış ədalətsizliyin davamı kimi qiymətləndirirlər.

Belçika Parlamenti tərəfindən 2022-ci il iyunun 30-da qəbul edilən qanun yalnız müstəmləkəçilik dövründə əldə edilmiş mədəni sərvətlərin mənşə ölkələrinə qaytarılması üçün hüquqi çərçivə yaradır və insan qalıqlarını və arxiv sənədlərini əhatə etmir. Beləliklə, Belçika müstəmləkəçiliyinin qurbanlarına məxsus insan qalıqlarının geri qaytarılması üçün müvafiq hüquqi mexanizmin yaradılması məsələsi hələ də açıq qalır və mövcud qanunvericilikdəki bu boşluq repatriasiya prosesinin hüquqi əsaslarla və konkret prosedurlar çərçivəsində həyata keçirilməsini çətinləşdirir.

Qeyd edək ki, BMT-nin insan hüquqları üzrə ekspert hesabatları müstəmləkəçilik dövründə mənşə ölkələrindən çıxarılmış insan qalıqlarının repatriasiyasını tarixi ədalətin və zərər çəkmiş xalqların hüquqlarının bərpasının mühüm aspektlərindən biri hesab edir. Bu baxımdan, BMT-nin Yerli Xalqların Hüquqları üzrə Ekspert Mexanizminin 21 iyul 2020-ci il tarixli hesabatında insan qalıqlarının mənşə ölkələrinə qaytarılması üçün şəffaf və səmərəli mexanizmlərin yaradılması, onların mədəni, dini və mənəvi hüquqlarına hörmət edilməsi, habelə repatriasiya prosesində aidiyyəti icmaların iştirakının təmin olunması vurğulanır.

Mövzuya görə xəbərlər