Son dəqiqə

Fələstin İsrail Avropa İttifaqı Belçika Qəzza Maksim Prevot

Belçika Avropa İttifaqının İsrail məhsulları ilə bağlı siyasətini sərt tənqid etdi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Belçika Avropa İttifaqının qeyri-qanuni hesab etdiyi İsrail yaşayış məntəqələrindən gətirilən məhsullarla bağlı mövqeyini kifayət qədər təsirli hesab etməyib. Brüsselin son təklifləri Belçika tərəfindən real addım deyil, daha çox formal yanaşma kimi qiymətləndirilib.

TurkicWorld xəbər verir ki, Belçikanın xarici işlər naziri Maksim Prevot Avropa İttifaqının bu məsələ ilə bağlı hazırladığı təklifləri tənqid edib. O bildirib ki, Avropa Komissiyasının təqdim etdiyi sənəd konkret fəaliyyət planından daha çox simvolik addım təsiri bağışlayır.

Maksim Prevot qeyd edib ki, Belçika Qəzzadakı humanitar vəziyyət və İsrail-Fələstin münaqişəsi ilə bağlı aylardır konkret tədbirlərin görülməsini tələb edir.

Nazirin sözlərinə görə, Avropa Komissiyasından daha əhatəli və üzv dövlətlərin səsverməsinə təqdim edilə biləcək real təkliflər gözlənilir. O bildirib ki, bu məsələlər qısa müddətdə Avropa İttifaqının Xarici İşlər Şurasının gündəliyinə çıxarılmalıdır.

Avropa Komissiyasının qeyri-qanuni İsrail yaşayış məntəqələrində istehsal olunan məhsullarla bağlı bir neçə mümkün tədbir təqdim edəcəyi gözlənilir. Bu tədbirlər arasında ixrac icazəsi qaydalarının sərtləşdirilməsi, daha yüksək idxal rüsumlarının tətbiqi və bəzi məhsulların idxalına qismən və ya tam qadağa qoyulması variantları yer alır.

Belçika hesab edir ki, Avropa İttifaqının cavabı bölgədəki vəziyyətə uyğun daha ciddi və təsirli olmalıdır. Ölkə konkret siyasi qərarların qəbul edilməsinin vacibliyini vurğulayır.

Mövzuya görə xəbərlər