BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyənin paytaxtı Ankarada iyulun 7-8-də keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ərəfəsində genişmiqyaslı təhlükəsizlik əməliyyatı həyata keçirilib.
Terror təşkilatlarının fəaliyyətinin ifşa olunması və mümkün təhdidlərin qarşısının alınması məqsədilə təşkil edilən əməliyyatlar nəticəsində yüzlərlə şübhəli şəxs barədə tədbir görülüb.
Ankara Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq və əməliyyat-axtarış tədbirləri çərçivəsində Ankara Vilayət Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Ankara Vilayət Jandarma Komandanlığının Terrorla Mübarizə bölmələri eyni vaxtda bir sıra ünvanlarda əməliyyat keçiriblər.
Rəsmi məlumata görə, terror təşkilatlarının ölkə ərazisindəki fəaliyyətlərinin aşkara çıxarılması istiqamətində aparılan araşdırmalar zamanı müxtəlif qruplaşmalarla əlaqədə olmaqda şübhəli bilinən şəxslər müəyyən edilib.
Polis tərəfindən keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqəli olduğu bildirilən 30 nəfər, DSİH adlı qruplaşma ilə əlaqədə şübhəli bilinən 23 nəfər, Türkiyə Kommunist Partiyası/Marksist-Leninçi təşkilatı ilə əlaqəli 22 nəfər, Türkiyə Kommunist İşçi Partiyası ilə əlaqələndirilən 20 nəfər, Marksist-Leninçi Kommunist Partiyası ilə bağlı olduğu iddia edilən 16 nəfər, İnqilabçı Kommunarlar Partiyası və Birləşmiş Azadlıq Qüvvələri ilə əlaqələndirilən 16 nəfər, İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi ilə əlaqəli 12 nəfər, Türkiyə Xalq Qurtuluş Partiyası-Cəbhəsi ilə əlaqələndirilən 9 nəfər olmaqla ümumilikdə 148 şübhəli barədə tədbir görülüb.
Eyni zamanda Ankara Vilayət Jandarma Komandanlığının Terrorla Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində Türkiyə Kommunist Partiyası/Marksist-Leninçi təşkilatı ilə əlaqəli olduğu bildirilən 44 nəfər, İŞİD terror təşkilatı ilə əlaqəli 26 nəfər, İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi və Marksist-Leninçi Kommunist Partiyası ilə əlaqələndirilən 23 nəfər olmaqla ümumilikdə 93 şübhəli müəyyən edilib.
Baş Prokurorluğun açıqlamasında bildirilib ki, ümumilikdə 241 nəfər barəsində saxlanılma qərarı çıxarılıb. Əməliyyatların hazırkı mərhələsində həmin şəxslərdən 209-u saxlanılıb, digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Türkiyə hakimiyyəti NATO zirvəsi öncəsi paytaxtda təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə davam etdirildiyini bildirib. Zirvə çərçivəsində onlarla ölkənin dövlət və hökumət başçılarının, eləcə də yüksək səviyyəli nümayəndə heyətlərinin Ankaraya gəlməsi gözlənilir.
Təhlükəsizlik qurumları bildirir ki, beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində həyata keçirilən bu cür əməliyyatlar həm mümkün terror təhdidlərinin qarşısının alınması, həm də ictimai asayişin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.







