BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı "işğal hədəsi" səsləndirməsi ilə bağlı bəzi media orqanlarında və sosial şəbəkələrdə yayılan iddialar rəsmən təkzib edilib.
TurkicWorld xəbər verir ki, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb. Bəyanatda bildirilir ki, Türkiyənin İsrailə qarşı işğal təhdidi etməsi iddiaları manipulyasiya xarakterlidir və bölgədəki sabitliyə zərər vermək məqsədi daşıyır.
Türkiyənin hər zaman beynəlxalq hüquqa və diplomatiyaya önəm verdiyi vurğulanan açıqlamada, ölkənin gərginliyi artıran deyil, azaldan mövqe sərgilədiyi qeyd olunub. Rəsmi Ankara Türkiyənin mübarizəsini təhrif etməyə çalışan bu növ məzmunlara etibar edilməməsi barədə xəbərdarlıq edib. Bildirilib ki, Türkiyə bölgədə ədalətin, sülhün və sağlam düşüncənin səsi olmağa davam edəcək.







