BAKI,TurkicWorld, Nailə Babazadə
Ankara Respublika Baş Prokurorluğu tərəfindən Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq çərçivəsində mühüm kriminal hesabat açıqlanıb.
TurkicWorld xəbər verir ki, sənəddə təyyarənin qalıqları üzərində hər hansı xarici müdaxilə və ya partlayıcı maddə izinə rast gəlinmədiyi bildirilir. Xatırladaq ki, 2025-ci il noyabrın 11-də Gürcüstanın Kaxeti bölgəsində baş verən bu qəza nəticəsində 20 hərbçi şəhid olmuşdu.
Kriminal hesabatda qeyd olunur ki, təyyarənin gövdəsi üzərində hər hansı mərmi və ya qəlpə izi, eləcə də əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində yarana biləcək zədələr aşkar edilməyib. Ekspertlər yanğını başladan neft törəməsi və ya yanğını sürətləndirən kimyəvi maddələrin də olmadığını təsdiqləyiblər. "Element analizi" nəticəsində qalıqlarda hər hansı şübhəli kimyəvi tərkibə rast gəlinməyib. Bu tapıntılar təyyarənin hər hansı hücum nəticəsində düşməsi ehtimalını istisna edir.
Hazırda təyyarənin qəzaya uğrama səbəblərini müəyyən etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin mütəxəssisləri tərəfindən araşdırmalar davam etdirilir. Prosesə TÜBİTAK, TUSAŞ və MKE kimi qurumların ekspertləri də cəlb olunub. Gürcüstan tərəfi ilə tam əməkdaşlıq çərçivəsində aparılan istintaqın gedişində şəhid olan hərbçilərin rəqəmsal materialları və telefonları da analiz edilir.
Beynəlxalq standartlara uyğun aparılan bu texniki təhlillərdən sonra əvvəlcə qəza üzrə ilkin rəy, daha sonra isə yekun rəsmi hesabat hazırlanacaq. Şəhid hərbçilərin nəşləri üzərində aparılan məhkəmə-tibbi ekspertizanın nəticələri də artıq istintaq materiallarına əlavə edilib. Prokurorluq hadisənin texniki nasazlıq və ya insan amili səbəbindən baş verib-vermədiyini aydınlaşdırmağa çalışır.







