Türkiyə Milli Müdafiə Nazirliyi Zeki Aktürk C130 hərbi təyyarəsi

Türkiyə Milli Müdafiə Nazirliyi C-130 qəzası ilə bağlı iddialara reaksiya verib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), 20 hərbçinin şəhid olduğu C-130 təyyarə qəzası ilə bağlı irəli sürülən əsassız iddialara qarşı kəskin etirazını bildirərək, məsələ ilə bağlı hüquqi prosesin başladıldığını elan edib.

TurkicWorld xəbər verir ki, nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk tərəfindən keçirilən brifinqdə Türkiyə Silahlı Qüvvələrini hədəf alan bu cür çıxışların "əsassız və ictimaiyyəti çaşdırmağa yönəlmiş" olduğu vurğulanıb.

Nazirlik rəsmisi Azərbaycan-Gürcüstan sərhədində baş vermiş faciəvi qəza haqqında bir siyasi partiya rəhbərinin səsləndirdiyi fikirlərin heç bir real fakta söykənmədiyini diqqətə çatdırıb. Açıqlamada şəhid sayının belə yanlış ifadə edilməsinin "bədniyyətli" addım olduğu qeyd edilib. Bildirilib ki, qəza ilə bağlı texniki təhqiqat şəffaf şəkildə davam etdirilir və yekun hesabat tamamlandıqdan sonra ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, milli təhlükəsizlik mövzularında yalnız rəsmi məlumatlara etibar edilməsi çağırışı edilib.

Brifinqdə həmçinin regional təhlükəsizlik və Montrö Boğazlar Sazişi ilə bağlı mühüm mesajlar verilib. Türkiyənin Qara dənizdə sabitliyi qoruyan təməl aktor olduğu və Montrö sazişinin müddəalarından heç bir halda güzəştə gedilməyəcəyi bəyan edilib. Nazirlik NATO-nun dəniz təhlükəsizliyi təşəbbüslərində Türkiyənin rəhbər rolunu xatırladaraq, bölgədəki minaların təmizlənməsi və sualtı infrastrukturun qorunması istiqamətində Rumıniya və Bolqarıstan ilə birgə fəaliyyətlərin aktiv şəkildə davam etdiyini bildirib.

Türkiyə Silahlı Qüvvələrinin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə fəaliyyətlərini uğurla icra etdiyini deyən Zeki Aktürk, Azərbaycan ilə keçirilən birgə təlimlərə də toxunub. O, Qarsda başlayan "Heydər Əliyev" və Qırğızıstanda baş tutan "Sarsılmaz Qardaşlıq-2026" təlimlərinin iki qardaş ölkə arasındakı hərbi əməkdaşlığı daha da gücləndirdiyini vurğulayıb. Sonda milli müdafiə sənayesinin yeni uğurları, o cümlədən yerli "Denizhan" dəniz topunun və yeni nəsil fırtına haubitsalarının ordu inventarına daxil edildiyi barədə məlumat verilib.

Mövzuya görə xəbərlər