BAKI,TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə artan gərginlik fonunda İsrailin fəaliyyətlərini sərt tənqid edərək bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu tərəfindən yürüdülən siyasət qlobal sülh üçün təhlükə yaratmaqda davam edir.
TurkicWorld xəbər verir ki, Ərdoğan Rizədə keçirilən tədbirdə çıxışı zamanı Qəzza zolağında vəziyyətin ağır olaraq qaldığını vurğulayıb.
“Qəzzada İsrail dağıntı və hüquqa zidd fəaliyyətlərini davam etdirir. Əl-Əqsa məscidini bağlayıb, qeyri-qanuni məskunlaşma fəaliyyətlərini sürətləndirib. Netanyahu siyasəti qlobal sülhü təhdid etməyə davam edir”- deyə o bildirib.
O, qeyd edib ki, regionda baş verən hadisələr ümumi təhlükəsizlik mühitini daha da gərginləşdirir. Onun sözlərinə görə, Rusiya-Ukraniya müharibəsi artıq beşinci ilinə daxil olub, Yaxın Şərqdə isə münaqişələr dərinləşməkdə davam edir.
Ərdoğan çıxışında Əl-Əqsa məscidi ətrafındakı vəziyyətə də toxunaraq, bölgədə dini və humanitar problemlərin artdığını qeyd edib.
Türkiyə lideri əlavə edib ki, rəsmi Ankara regionda sabitliyin təmin olunması üçün səylərini davam etdirir. O, Pakistan və Əfqanıstan arasında gərginliyin bayram günlərində müvəqqəti olaraq azaldığını xatırladaraq, bunun davamlı sülhə çevrilməsinin vacibliyini vurğulayıb.






