BAKI,TurkicWorld, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara lotereya çəkilişi mərasimində çıxış edərək həm ölkə daxilindəki sosial layihələrdən, həm də regionda artan gərginlikdən danışıb.
TurkicWorld xəbər verir ki, dövlət başçısı Türkiyənin ətrafında baş verən hərbi münaqişələrə baxmayaraq, ölkənin sülh və sabitlik fokuslu fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Prezident Ərdoğan son dövrlər bölgədə baş verən hadisələrə, xüsusilə Əfqanıstan-Pakistan qarşıdurması və İrana qarşı təşkil edilən hava hücumlarına toxunub. O, "Sionist lobbisinin təhriki" ilə gərginliyin artdığını və Körfəz ölkələrinin hədəf alındığını qeyd edərək, Türkiyənin bu təhlükələrdən uzaq durmaq üçün bütün tədbirləri gördüyünü bildirib. Ərdoğan bölgənin "qan və göz yaşı" içində olduğunu, lakin Türkiyənin dialoq yolu ilə ədalətli həll üçün səylərini əsirgəməyəcəyini deyib.
Daxili siyasətdəki uğurlardan bəhs edən Ərdoğan, "Ev Sahibi Türkiyə" layihəsi çərçivəsində Ankarada 31 min 73 mənzilin kura çəkilişini reallaşdırıb. O, indiyədək 1 milyon 740 min sosial konutun istifadəyə verildiyini və zəlzələ bölgəsində 455 mindən çox müstəqil bölmənin tamamlandığını diqqətə çatdırıb. Həmçinin, zəlzələdən zərərçəkənlər üçün mənzillərin qiymətində 50% endirim edildiyini və əlverişli ödəniş planlarının hazırlandığını bəyan edib.







