Son dəqiqə

Ərdoğan fevralda Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək Türkiyə Prezidentinin Yaxın Şərq səfərlərinin tarixi açıqlanıb Ərdoğan Riyad və Qahirədə yüksək səviyyəli görüşlər keçirəcək Türkiyə–Səudiyyə və Türkiyə–Misir münasibətlərində yeni mərhələ Fələstin və iqtisadiyyat Ərdoğanın səfər gündəmində Türkiyə Prezidentindən regiona diplomatik çıxış

Ərdoğanın Səudiyyə Ərəbistanı və Misirə səfər tarixləri məlum olub

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqə rəsmi səfərlərinin tarixləri açıqlanıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran Prezident Rəcəb Tayyib Ərdoğanın 3 fevral 2026-cı ildə Səudiyyə Ərəbistanına, 4 fevral 2026-cı ildə isə Misirə rəsmi səfər edəcəyini açıqlayıb. Bildirilib ki, səfərlər müvafiq ölkə rəhbərlərinin dəvəti əsasında həyata keçiriləcək.

Məlumata görə, Ərdoğanın ilk dayanacağı olan Səudiyyə Ərəbistanında görüşlər vəliəhd şahzadə Məhəmməd bin Salmanin dəvəti ilə Riyad şəhərində keçiriləcək. Danışıqlarda Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq əlavə addımlar, eləcə də regional və qlobal proseslər müzakirə olunacaq.

Riyad səfərindən sonra Türkiyə Prezidenti Misir Ərəb Respublikasına yollanacaq. Burada Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüş planlaşdırılır. Görüş çərçivəsində Türkiyə–Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçiriləcək və iclasa iki ölkə liderləri birgə sədrlik edəcəklər.

Qeyd olunur ki, Qahirədə keçiriləcək danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, regional böhranlar da gündəmdə olacaq. Xüsusilə Fələstin məsələsi, Yaxın Şərqdəki mövcud vəziyyət və beynəlxalq proseslər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Bundan əlavə, səfər proqramı çərçivəsində Türkiyə–Misir İş Forumunun təşkili planlaşdırılır. Prezident Ərdoğanın forumda iştirak edərək iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı mesajlar verməsi gözlənilir.