Son dəqiqə

Türkiyə Ankara Türkiyə Daxili İşlər Nazirliyi kibertəhlükəsizlik Ali Yerlikaya kibercinayətkarlıq Kiberhücumlar

Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - yüzlərlə şübhəli ifşa olundu

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyədə kibercinayətkarlığa qarşı aparılan əməliyyatlar nəticəsində son 5 gün ərzində 200 şübhəli şəxs saxlanılıb, onlardan 65-i həbs edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.

Nazirin məlumatına görə, polis orqanları tərəfindən “xüsusi dələduzluq”, “onlayn uşaq pornoqrafiyası və cinsi istismar”, eləcə də “qanunsuz mərc və qumar” cinayətləri üzrə 19 şəhəri əhatə edən genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Əməliyyatlar nəticəsində saxlanılan 200 şübhəlidən 65 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 48 nəfər barəsində isə məhkəmənin nəzarəti altına buraxılma qərarı verilib. Digər şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.

Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəlilər sosial şəbəkələr vasitəsilə “tapşırıq yerinə yetir, qazanc əldə et” və “məhsul satışı” mövzuları altında vətəndaşları aldadıb, mobil bankçılıq və oyun hesablarına qanunsuz giriş əldə ediblər. Həmçinin qanunsuz mərc və qumar oyunları təşkil edilib, mərc saytlarına maliyyə axınına vasitəçilik göstərilib, uşaq pornoqrafiyası materialları saxlanılıb və yayılıb, POS cihazları üzərindən qeyri-qanuni maliyyə əməliyyatları aparılıb.

Yerlikaya bildirib ki, kibercinayətlərə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək və vətəndaşların rəqəmsal təhlükəsizliyini təhdid edən heç bir cinayətkar şəbəkəyə güzəşt edilməyəcək.

Mövzuya görə xəbərlər