BAKI,TurkicWorld, Orxan Qədirzadə
Bosniya və Herseqovinanın xarici siyasət prioritetləri və regional proseslər fonunda Türkiyənin artan rolu rəsmi Sarayevo tərəfindən yüksək qiymətləndirilib.
TurkicWorld xəbər verir ki, Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ölkəsinin xarici siyasətinin yekunlarına həsr olunmuş illik mətbuat konfransında Türkiyənin qlobal siyasətdə “supergüc” səviyyəsinə yüksəldiyini bildirib. Onun sözlərinə görə, xüsusilə Suriya və region ətrafında baş verən hadisələr fonunda Türkiyə beynəlxalq arenada ön mövqelərə çıxıb və ABŞ-ın ən mühüm tərəfdaşlarından birinə çevrilib.
Nazir vurğulayıb ki, Ankara hazırda dünya siyasətində və diplomatik proseslərdə mühüm rol oynayır, regional və qlobal məsələlərin həllində təsir imkanlarını genişləndirir. Konakoviç Bosniya və Herseqovina ilə Türkiyə arasındakı münasibətləri “əla səviyyədə” xarakterizə edib və İstanbulda keçirilmiş Balkanlarda Sülh Platformasının xarici işlər nazirlərinin ikinci görüşünün nəticələrinə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib.
O, təşəbbüsün Xarici İşlər naziri Hakan Fidan tərəfindən irəli sürülməsini və Prezident Rəcəb Tayyib Ərdoğanın sıx qrafikinə baxmayaraq bütün ölkələrə xüsusi diqqət ayırmasını Türkiyənin Balkanlara verdiyi önəmin göstəricisi kimi dəyərləndirib. Konakoviç əlavə edib ki, Türkiyə regiondakı bütün ölkələrlə yaxşı münasibətlər saxlayır və səmərəli vasitəçi kimi çıxış edir.
Nazir, həmçinin bu il Bosniya və Herseqovinanın bir ölkənin vətəndaşları üçün viza rejimi tətbiq edəcəyini açıqlayıb, lakin bu qərarın Türkiyəyə şamil edilməyəcəyini xüsusi qeyd edib. Onun sözlərinə görə, Ankara ilə bağlı belə bir variant ümumiyyətlə nəzərdən keçirilmir.
Konakoviç Türkiyənin Bosniya və Herseqovinaya Serbiyadan daha çox investisiya yatırdığını da diqqətə çatdıraraq, bunun ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib.







