BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan ROKETSAN milli raket və strateji silah sistemləri sahəsində yeni mərhələyə daxil olur.
TurkicWorld xəbər verir ki, ROKETSAN-ın baş direktoru Murat İkinci bildirib ki, uzun illər ərzində həyata keçirilən iri həcmli investisiyalar 2026-cı ildən etibarən real nəticələr verməyə başlayacaq, istehsal gücləri kəskin şəkildə artırılacaq və bir sıra strateji layihələrdə mühüm mərhələlər geridə qoyulacaq.
Murat İkinci vurğulayıb ki, 2025-ci il ROKETSAN üçün rekord göstəricilərlə yadda qalıb. Şirkətin dollar ifadəsində dövriyyəsi 50 faiz artaraq 2 milyard ABŞ dollarını ötüb, ixrac həcmi isə eyni artım tempi ilə 750 milyon dollara yaxınlaşıb. Onun sözlərinə görə, 2025-ci il bir çox layihələrin seriya istehsalına keçdiyi, 200-dən çox məhsul üzrə elmi-tədqiqat və inkişaf işlərinin aparıldığı il olub.
ROKETSAN rəhbəri qeyd edib ki, şirkət həm qlobal, həm də yerli miqyasda dünyanın ən sürətlə böyüyən müdafiə sənayesi şirkətləri sırasındadır. 2025-ci il ərzində Türkiyənin 20-dən artıq bölgəsində 200-dən çox sınaq və test keçirilib, ümumilikdə isə 800 gündən artıq test fəaliyyəti icra olunub.
İkinci bildirib ki, ötən il eyni zamanda investisiya ili olub. Yeni istehsal müəssisələri istifadəyə verilib. Onun sözlərinə görə, investisiyalar 2026-cı ildən etibarən istehsal gücünün ciddi şəkildə artmasına imkan verəcək.
ROKETSAN-ın ekosistem yanaşmasına da toxunan Murat İkinci qeyd edib ki, şirkətin İş Ortaqları Proqramı çərçivəsində əməkdaşlıq etdiyi firmaların sayı 100-ü keçib, ümumilikdə isə 2 minə yaxın şirkətlə birgə fəaliyyət göstərilir. Bu modelin ixrac və daxili bazarda davamlı böyüməni təmin etdiyini bildirib.
Baş direktorun sözlərinə görə, 2026, 2027 və 2028-ci illər ROKETSAN üçün daha da uğurlu olacaq. Şirkət qarşıdakı dövrdə həm ixracda, həm də dövriyyədə dollar ifadəsində 50 faizlik artım tempini qoruyub saxlayacaq.
Murat İkinci 2026-cı ilin ən mühüm tədbirlərindən birinin SAHA Expo sərgisi olacağını açıqlayıb. O bildirib ki, bu sərgidə ROKETSAN yeni məhsullarını və layihələrini nümayiş etdirəcək, həm milli, həm də beynəlxalq tərəfdaşlar üçün sürpriz yeniliklər təqdim olunacaq.
Milli raket proqramlarına toxunan İkinci qeyd edib ki, 2026-cı ildə bir sıra strateji sistemlər üzrə seriya istehsalına başlanacaq. Xüsusilə TAYFUN BLOK-4 ballistik raketi, GÖKBORA hava-hava raketi və 300 ER raketi üzrə mühüm irəliləyişlər gözlənilir. Bununla yanaşı, SİPER, HİSAR və SUNGUR hava hücumundan müdafiə sistemlərinin istehsalı və yayılması sürətləndiriləcək.
ROKETSAN rəhbəri bildirib ki, hipersəs sistemləri, qanadlı raketlər, pilotsuz platformalar və sürü texnologiyaları da 2026-cı ilin əsas fokus sahələri olacaq.
Kosmik texnologiyalarına da diqqət çəkən Murat İkinci qeyd edib ki, ROKETSAN hazırda iki iri kosmik layihə üzərində çalışır. Şimşək Layihəsi çərçivəsində əldə edilən texnoloji nailiyyətlərin 2026–2027-ci illərdə konkret nəticələr verəcəyi gözlənilir. O vurğulayıb ki, ROKETSAN, ASELSAN, TUSAŞ, DeltaV və digər şirkətlərlə birlikdə Türkiyənin kosmik ekosisteminin əsas dayaqlarından birinə çevrilib.