Türkiyə ABŞ etiraz aksiyası Qəzza zolağı Rümeysa Öztürk

ABŞ-da saxlanılan Rümeysa Öztürkün taleyi 14 apreldə bəlli olacaq

BAKI, TurkicWorld

ABŞ-da saxlanılan Rümeysa Öztürkün məhkəməsi aprelin 14-dək təxirə salınıb

TurkicWorld xəbər verir ki, Fələstinə dəstək verdiyi üçün ABŞ tərəfindən saxlanılan Türkiyəli PhD tələbəsi Rümeysa Öztürkün işi üzrə keçirilən ilk məhkəmə iclası Vermont ştatında baş tutub.

Federal Dairə Hakimi Uilyam Seşns keçirilən iclas zamanı hər iki tərəfdən əlavə sübutlar təqdim olunmasını tələb edərək, məhkəmə prosesinin 14 aprel 2025-ci il tarixinə qədər təxirə salınmasına qərar verib.

Rümeysa Öztürkün vəkili Rəmzi Kassem iclasda çıxışı zamanı bildirib ki, onun müvəkkili nə qaçmaq riski daşıyır, nə də cəmiyyətə hər hansı təhlükə yaradır. Bu səbəbdən, onun həbs edilmədən mühakimə olunması tələb olunub. Hakim Seşns məsələnin “qeyri-adi” və həssas olduğunu vurğulayaraq tərəflərə əlavə sübutları aprelin 11-dək təqdim etməyi tapşırıb.

ABŞ administrasiyasının nümayəndəsi isə çıxışında prosesi uzatmağa ehtiyac olduğunu, məsələyə ehtiyatla yanaşılmalı olduğunu bildirib. Prosesin davamı kimi Rümeysa Öztürkdən də öz müdafiəsini birbaşa məhkəməyə təqdim etməsi tələb oluna bilər.

Qeyd edək ki, Massaçusets ştatının Tafts Universitetində doktorantura təhsili alan Rümeysa Öztürk martın 25-də axşam saatlarında dostları ilə iftara gedərkən ABŞ Daxili Təhlükəsizlik Departamentinin Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılıb. İlk olaraq Luiziana ştatına aparılan Öztürk daha sonra məhkəmə prosesi üçün Vermont ştatına köçürülüb.

ABŞ senatoru Marko Rubio məsələ ilə bağlı açıqlamasında bildirib ki, İsrailə qarşı yönəlmiş fəaliyyətlərdə iştirak etdikləri və “Həmas tərəfdarları” olduqları iddia edilən 300-dən çox əcnəbi tələbənin vizası ləğv olunub. Rubio eyni zamanda Öztürkün də deportasiya ediləcəyini bildirib.

Bununla belə, ABŞ-da fəaliyyət göstərən hüquq müdafiəçiləri və tələbənin vəkilləri, Öztürkün hər hansı zorakılıq və ya qanun pozuntusu törətmədiyini və onun saxlanılmasının siyasi motivli olduğunu qeyd ediblər.

Hazırda Rümeysa Öztürkün deportasiya olunması ilə bağlı qərar federal hakim tərəfindən müvəqqəti olaraq dayandırılıb. Onun taleyi 14 aprel tarixində keçiriləcək növbəti məhkəmə iclasında daha da aydınlaşacaq.

Mövzuya görə xəbərlər