Son dəqiqə

Türkiyə ABŞ Donald Tramp ABŞ Senatı Mehmet Öz Federal səhiyyə proqramları CMS direktoru

Türkiyəli ürək cərrahı Mehmet Öz CMS direktoru olub

BAKI, TurkicWorld

ABŞ Senatı Prezident Donald Trampın Medicare və Medicaid Services (CMS) Mərkəzlərinin direktoru vəzifəsinə namizəd göstərdiyi türkiyəli ürək cərrahı Mehmet Özü təsdiqləyib.

TurkicWorld xəbər verir ki, Senatda keçirilən səsvermədə Mehmet Öz 53 “hə” və 45 “xeyr” səsi alaraq CMS direktoru təyin edilib.

O, ABŞ-da yaşlılara və aztəminatlı qruplara səhiyyə xidməti göstərən ən böyük federal qurumlardan birini idarə edəcək və bu vəzifəyə təyin olunan ilk türk olacaq.

CMS hər il 160 milyon amerikalının səhiyyə xərclərini idarə edir və tibbi sığorta proqramlarına nəzarət edir. ABŞ-da Medicare 65 yaşdan yuxarı şəxslərə tibbi xidmət göstərən federal sığorta proqramı, Medicaid isə aşağı gəlirli qrupları tibbi sığorta ilə təmin edən federal və əyalət proqramıdır.

Qeyd edək ki, ABŞ mediası Özün təyinatının Tramp administrasiyası dövründə federal xərclərin azaldılması siyasətinin bir hissəsi kimi qiymətləndirildiyini yazıb. CMS bu çərçivədə təxminən 300 işçinin ixtisarı ilə səhiyyə xərclərini azaltmağa çalışacaq.

Öz, Senatın Maliyyə Komitəsində keçirilən dinləmədə çıxışı zamanı ABŞ-da sağlamlıq sığortasının uzunmüddətli dayanıqlığının təmin edilməsinin vacibliyini vurğulayıb: "Mən xəstələrin həm bu gün, həm də gələcəkdə lazımi tibbi resurslara çıxış imkanına malik olmasını təmin etmək istəyirəm" – deyə o bildirib.

Həkimlik təcrübəsindən və qazandığı 10 Emmy Mükafatından bəhs edən Mehmet Öz, CMS-in əsas hədəflərindən biri kimi amerikalıların ömrünü uzatmaq və səhiyyə xidmətlərini əlçatan etmək məqsədini qeyd edib.

Mövzuya görə xəbərlər