Son dəqiqə

Türkiyə BMT Əminə Ərdoğan Antonio Quterreş

Əminə Ərdoğan BMT-nin baş katibi Quterreş ilə görüşüb

BAKI,TurkicWorld

BMT-nin Sıfır Tullantı Məsləhət Şurasının sədri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , görüş Nyu Yorkdakı BMT binasında baş tutub.

Quterreş 30 Mart Beynəlxalq Sıfır Tullantı Günü münasibətilə Ərdoğanla bir araya gəlməkdən məmnun olduğunu bildirib. Görüş zamanı qlobal ekoloji problemlərin həlli, tullantıların idarə olunması və dairəvi iqtisadiyyat sahəsində beynəlxalq səylər müzakirə edilib.

Əminə Ərdoğan “Sıfır Tullantı Təşəbbüsü”nün bəşəriyyətin ortaq gələcəyini qorumaq üçün mühüm bir addım olduğunu vurğulayaraq, bu təşəbbüsün BMT platformalarında daha geniş yayılmasının əhəmiyyətini qeyd edib. Görüşdə Sıfır Tullantı Fondunun fəaliyyəti, tullantıların standartlaşdırılması, beynəlxalq mükafatların təsis edilməsi və iqlim dəyişikliyi forumları kimi mövzularda əməkdaşlıq məsələləri müzakirə olunub.

Qəzza mövzusuna da toxunan Əminə Ərdoğan, beynəlxalq ictimaiyyətin bu humanitar böhrana reaksiyasının qeyri-kafi olduğunu bildirib və BMT-nin sülh prosesindəki səylərini yüksək qiymətləndirib. O, BMT əməkdaşlarının Qəzzadakı fədakarlıqlarını vurğulayaraq, Türkiyənin bu təşəbbüslərə fəal dəstək verməyə davam edəcəyini qeyd edib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, ətraf mühit naziri Murat Kurum və Sıfır Tullantı Fondunun prezidenti Səməd Ağırbaş da iştirak ediblər. Əminə Ərdoğan Quterreşi Türkiyəyə dəvət edib və onun bu təşəbbüsə verdiyi güclü dəstəyə görə təşəkkürünü bildirib.

Mövzuya görə xəbərlər