Son dəqiqə

Türkiyə Avropa İttifaqı ABŞ Rusiya Ukrayna Avropa

Türkiyə-Avropa münasibətlərində yeni dinamika

BAKI, TurkicWorld

Avropa İttifaqı Türkiyə ilə münasibətləri gücləndirmək üçün səylərini artırır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Aİ-nin müdafiə və təhlükəsizlik sahəsində Türkiyə ilə əməkdaşlığı dərinləşdirmək cəhdləri son dövrlərdə daha da intensivləşib.

Güclü müdafiə sənayesi və NATO-dakı strateji mövqeyi ilə ön plana çıxan Türkiyə, xüsusilə son illərdə Avropa ilə münasibətlərində yeni dinamika yaradıb. ABŞ Prezidenti Donald Trampla fikir ayrılıqları fonunda Avropa Ankaraya daha da yaxınlaşmağa çalışır.

Trampın Ukraynadakı müharibəyə dair fərqli yanaşması Avropa liderlərini bir araya gətirib və ortaq strategiyalar müəyyən etməyə vadar edib. Bu müddət ərzində Türkiyənin Avropanın müdafiə arxitekturası və Ukrayna ilə bağlı mühüm toplantılara qatılması Brüssel və Ankaranı daha sıx əməkdaşlığa sövq edib.

Avropa İttifaqı Türkiyəni “eyni düşüncəli ölkələr” sırasında görür və əlaqələrin daha da inkişaf etdirilməsi üçün mesajlar verir. Bu çərçivədə AB-yə sədrlik edən Polşanın Baş naziri Donald Tusk Ankaraya səfər edərək, Türkiyənin Avropanın müdafiəsi və Ukrayna-Rusiya sülh prosesində daha aktiv iştirak etməsinin vacibliyini vurğulayıb.

Polşalı ekspertlər Dr. Karolina Wanda Olszowska, Dr. Aleksandra Maria Spancerska və Dr. Karol Vasilevski Avropa-Türkiyə əlaqələrinin perspektivləri və Türkiyənin təhlükəsizlik sahəsində oynayacağı rol haqqında fikirlərini bölüşüblər.

Olszowska qeyd edib ki, Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçi kimi çıxış etməsi region üçün təhlükəsiz mühit yaradacaq və ədalətli sülh sazişinin imzalanmasına töhfə verəcək. O bildirib ki, Polşa 2021-ci ildə Bayraktar TB2 pilotsuz uçuş aparatlarını almaqla Türkiyənin müdafiə texnologiyalarına olan marağını ortaya qoyub və Tusk-un səfəri iki ölkə arasında əməkdaşlığın daha da genişlənəcəyinə işarə edir.

Ekspertlər hesab edirlər ki, Polşa Aİ-yə sədrliyi dövründə Türkiyənin ittifaqa üzvlüyünü dəstəkləyə və gömrük ittifaqının modernləşdirilməsi kimi məsələlərdə Ankaraya dəstək verə bilər.

Dr. Mustafa Karakaş və Karol Vasilevski isə Türkiyənin sülh danışıqlarında əsas oyunçu kimi çıxış etmə potensialına malik olduğunu bildiriblər. Onların fikrincə, Türkiyə təkcə Rusiya və ABŞ üçün deyil, həm də Avropa və Ukrayna üçün mühüm tərəfdaşdır.

Qeyd edək ki, son illərdə Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər gərgin olub. Lakin müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlıq bu əlaqələrin yenidən canlanmasına şərait yaradır.

Mövzuya görə xəbərlər