Selçuk Bayraktar PUA Baykar Bayraktar Akıncı PUA Bayraktar KIZILELMA

Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir

BAKI,TurkicWorld

Baykar tərəfindən yerli və milli imkanlarla hazırlanmış Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan Bayraktar KIZILELMA-nın inkişaf prosesi planlaşdırılmış test cədvəlinə uyğun olaraq davam edir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Baykar-ın tamamilə öz resursları ilə inkişaf etdirdiyi Bayraktar KIZILELMA, Aerodinamik Sistem Tanıma Testi-ni uğurla keçib.

Təyyarənin istehsal prototipi olan PT3, Tekirdağ vilayətinin Çorlu rayonunda yerləşən AKINCI Uçuş Təlim və Test Mərkəzindən havaya qalxaraq 53 dəqiqə boyunca orta hündürlükdə uçuş həyata keçirib və lazımi aerodinamik sistem testlərini uğurla tamamlayıb.

Bayraktar KIZILELMA-nın inkişaf prosesi planlaşdırıldığı kimi davam edir. İlk prototiplərdən əldə edilən təcrübələr sayəsində istehsal prototipində bir sıra mühüm dəyişikliklər edilib. Struktur təkmilləşdirmələrlə yanaşı, avionika sistemində də irəliləyişlər həyata keçirilib. Təyyarəyə uğurla inteqrasiya edilən art yanma sisteminə malik mühərrik alternativi ilə uçuş reallaşdırılıb. Yeni güclü mühərriki sayəsində səs sürətinə yaxınlaşacaq olan Bayraktar KIZILELMA, aerodinamik təkmilləşdirmələr sayəsində yüksək sürətlə daha effektiv manevr edə biləcək. Təyyarənin AESA radar sistemi sayəsində yüksək səviyyəli situasiya fərqindəliyi əldə etməsi ona ən çətin tapşırıqları yerinə yetirməyə imkan verəcək.

Baykar-ın həyata keçirdiyi Bayraktar KIZILELMA layihəsi 2021-ci ildə başladı. 14 noyabr 2022-ci ildə istehsal xəttindən çıxan TC-ÖZB quyruq nömrəli Bayraktar KIZILELMA, Çorlu AKINCI Uçuş Təlim və Test Mərkəzinə gətirildi. Burada yer testlərini sürətlə tamamladıqdan sonra 14 dekabr 2022-ci ildə ilk uçuşunu uğurla həyata keçirdi. Bir il kimi rekord bir müddətdə göy üzünə qalxan bu pilotsuz döyüş təyyarəsi mühüm bir nailiyyətə imza atdı.

Bayraktar KIZILELMA, TEKNOFEST 2023 çərçivəsində dünya aviasiya tarixində ilk dəfə reallaşdırılan uçuşlar həyata keçirdi. Bayraktar AKINCI TİHA ilə formasiya uçuşları icra edən KIZILELMA, 1 may 2023-cü ildə isə Türkiyə Yıldızları aerobatika qrupu ilə birlikdə F-16 döyüş təyyarəsi SOLOTÜRK və F-5 qırıcıları ilə İstanbul səmasında qrup uçuşu reallaşdırdı. Dünya aviasiya tarixi üçün dönüş nöqtəsi hesab edilən bu uçuş konseptləri gələcəyin hava döyüşlərinə də istiqamət verəcək.

Bütün layihələrini öz vəsaiti ilə həyata keçirən Baykar, 2003-cü ildə İHA Ar-Ge fəaliyyətlərinə başladıqdan bu günə qədər gəlirlərinin 83%-ni ixracatdan əldə edib. 2023-cü ildə 1.8 milyard dollarlıq ixrac həyata keçirən Baykar, Türkiyədə ən çox ixrac edən ilk 10 şirkət arasında yer aldı. Dünyanın ən böyük pilotsuz hava vasitələri ixracatçısı olan Baykar, 2024-cü ildə də uğurlarını davam etdirərək gəlirlərinin 90%-ni ixracatdan əldə edərək yenidən 1.8 milyard dollarlıq satış reallaşdırdı.

Baykar, İxracatın Çempionları Mükafatını qazanaraq 2021, 2022 və 2023-cü illərdə Türkiyənin müdafiə və aviasiya sənayesi üzrə ən çox ixrac edən şirkəti oldu. 2023-cü ildə sektorun ixracatının üçdə birini təkbaşına həyata keçirən Baykar, 2024-cü ildə isə müdafiə və aviasiya sektorunun ümumi ixracatının dörddə birini təkbaşına reallaşdıraraq Türkiyəni qlobal PUA ixracat bazarında lider mövqeyə gətirdi.

Dünyanın ən böyük pilotsuz hava vasitəsi istehsalçısı olan Baykar, Bayraktar TB2 PUA üçün 34 ölkə ilə, Bayraktar AKINCI PUA üçün isə 11 ölkə ilə olmaqla toplam 36 ölkə ilə ixracat müqaviləsi imzalayıb.

Mövzuya görə xəbərlər