Bakı, TurkicWorld
İtaliyanın Baş naziri Ciorcia Meloni, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2025-ci ilin ilk yarısında keçiriləcək növbəti hökumətlərarası zirvə görüşü üçün İtaliyaya dəvət edib.
TurkicWorld xəbər verir ki, İtaliya nazirliyinin verdiyi yazılı açıqlamada Meloni və Ərdoğan arasında telefon danışı olduğu bildirilib.
Telefon danışığında liderlər iki ölkə arasındakı güclü əlaqələrə diqqət çəkərək, ticarətin davamlı artımını gücləndirmək üçün əməkdaşlığın vacibliyini vurğulayıblar.
Müzakirələrin digər mühüm mövzusu isə Orta Şərqdəki vəziyyət olub.
Meloni, İsrailin özünü müdafiə hüququnu dəstəklədiyini bildirib, həmçinin mülki əhaliyə humanitar yardımın artırılmasının vacibliyini qeyd edib.
Qəzza və Livanda atəşkəsin təşviqi ilə bağlı ortaq qərarlılıq vurğulanıb.
Sonda, liderlər Suriyalı qaçqınların vəziyyəti və Ukraynada ədalətli və davamlı sülh üçün dəstəyi müzakirə ediblər.
Xatırladaq ki, son Türkiyə-İtaliya hökumətlərarası zirvəsi 5 iyul 2022-ci ildə Ankarada keçirilmişdi və bu zirvədə iki ölkə arasında 9 saziş imzalanmışdı.