Bakı, TurkicWorld
Bu il Türkiyədə 1970-ci ildən bəri ən isti yay fəsli qeydə alınıb. Fəsil ərzində ölkədə orta temperatur normadan ən az 2 dərəcə yüksək olub.
TurkicWorld xəbər verir ki, bu barədə İqlim Mərkəzi Beynəlxalq Araşdırma Qurumunun "İqlim dəyişikliyi indeksi" üzrə hesabatında bildirilib.
Hesablamalara əsasən, ölkə üzrə yay ayları boyunca təxminən 76 milyon insan ən azı 30 gün ərzində iqlim dəyişikliyinin yaratdığı və insan sağlamlığı üçün potensial riskli hesab edilən ekstremal temperaturlara məruz qalıb.
Bu da əhalinin 88 faizini təşkil edir. İqlim dəyişikliyinin yaratdığı yüksək temperaturdan 90-53 gün arası, yəni ən uzun müddət təsirlənən şəhərlər arasında Mersin, Adana, Dənizli, Diyarbəkir və İzmir yer alıb. Yüksək temperatur İstanbulda 47, Ankarada isə 41 gün ərzində hiss olunub.
Tədqiqatlar onu göstərir ki, bu ilin iyun-avqust ayları ərzində dünyanın 72 ölkəsində 2 milyard insan (hər dörd nəfərdən biri) ən azı 30 gün bu cür istilərdən təsirlənib.