BAKI,TurkicWorld
Türkiyənin fevral ayında ixracatının dəyər baxımından ən çox artdığı ölkə 268,8 milyon dollarla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, son dövrlərdə Türkiyə və BƏƏ arasındakı ikitərəfli münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşması və iqtisadi əməkdaşlıq çərçivəsində atılan addımlar, Türkiyənin bu ölkəyə ixrac rəqəmlərinə də müsbət təsir edib.
Bundan əlavə, Türkiyənin keçən ay BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən IDEX 2025 Beynəlxalq Müdafiə Sərgi və Konfransında iştirak etməsi və Türk müdafiə sənayesi şirkətlərinin strateji razılaşmalara imza atması, iki ölkə arasındakı diplomatik və ticari əlaqələrə mühüm töhfə verib.
Türkiyə İxracatçılar Məclisi (TİM) məlumatlarına görə, Türkiyənin fevral ayında dəyər baxımından ixracatını ən çox artırdığı ölkələr siyahısında BƏƏ lider mövqedədir.
İxrac artımı baxımından BƏƏ-ni aşağıdakı ölkələr izləyib:
Ürdün – 91,9 milyon dollar
Yunanıstan – 73,2 milyon dollar
İspaniya – 69 milyon dollar
Slovakiya – 56,5 milyon dollar
Türkiyə fevral ayında Ürdünə 157,5 milyon dollarlıq, Yunanıstana 273,5 milyon dollarlıq, İspaniyaya 770,4 milyon dollarlıq və Slovakiyaya 121,7 milyon dollarlıq ixrac həyata keçirib.