Son dəqiqə

Türkiyə Numan Kurtulmuş TBMM Meksika MİKTA

TBMM sədri MİKTA-nın Parlament Sədrləri iclasında iştirak edəcək

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş MİKTA-nın (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliya) 10-cu Parlament Sədrləri İclasında iştirak etmək üçün Meksikanın paytaxtı Mexiko şəhərinə səfər edib.

TurkicWorld xəbər verir ki, MİKTA-nın Parlament Sədrlərinin 10-cu İclası paytaxt Mexikoda “Daha dinc, bərabər və ədalətli dünya qurmaq üçün parlamentlərin birgə fəaliyyəti” mövzusu ilə keçiriləcək.

Məlumata əsasən, Meksika Nümayəndələr Palatasının sədri Marsela Querra Kastillonun ev sahibliyi etdiyi iclasda “Dialoq vasitəsilə qlobal sülhün inkişafı: Parlamentlər necə təsir yarada bilər?”, “Ticarətdə dayanıqlı inkişafın gücləndirilməsi vasitəsi kimi” kimi mövzular müzakirə ediləcək.

TBMM sədri Kurtulmuşun bu iclaslarda çıxış etməsi və immiqrasiya ilə bağlı iclasa sədrlik etməsi gözlənilir.

Görüş çərçivəsində TBMM sədri Meksika Nümayəndələr Palatasının sədri Kastillo ilə də ikitərəfli görüş keçirəcək.

Qeyd edək ki, Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliya arasında qeyri-rəsmi məsləhət və koordinasiya platforması olan MİKTA 2013-cü ildə yaradılıb. 2022-ci ildə MİKTA sədrliyi Avstraliya tərəfindən Türkiyəyə təhvil verilib. Türkiyənin MİKTA sədrliyi qlobal sağlamlıq, effektiv miqrasiya idarəçiliyi və ərzaq təhlükəsizliyi ilə bağlıdır.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər