Netanyahu regionu təhlükə altında qoyur - Ərdoğan

Netanyahu regionu təhlükə altında qoyur - Ərdoğan

Bakı. TurkicWorld:

İsrail Baş naziri Binyamin Netanyahu regionu təhlükə altında qoyur.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə ortaq mətbuat konfransında çıxışı zamanı deyib.

"Qəzzada 200 gündür davam edən misli görünməmiş zülmə son qoyulması çağırışımızı təkrarladıq. Netanyahu sırf siyasi karyerasını uzatmaq üçün öz vətəndaşları da daxil olmaqla, bütün regionumu təhlükə altında qoyur. Hər kəs bilir ki, İsrailin hücumları davam etdikcə həm regional, həm də qlobal sülhə təhdidlər artır. Ötən həftə İran və İsrail arasında artan gərginlik bunun ən son və ən parlaq nümunəsidir", - deyə o vurğulayıb.

Ərdoğan onu da qeyd edib ki, Türkiyə bu mövzuda ilk gündən qətiyyətli və cəsarətli mövqe tutub.

"Bundan sonra atəşkəsin təmin edilməsi və Fələstin xalqına fasiləsiz və kifayət qədər humanitar yardımın çatdırılması üçün səylərimizi artırmağa davam edəcəyik", - deyə Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01