Bakı. TurkicWorld:
Milli təhlükəsizliyimizi təhdid edənlərə qarşı sərt addımlar atmaqdan çəkinməyəcəyik.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Türkiyə dostla dostdur. Xarici işlər nazirimiz Hakan Fidan, Milli müdafiə nazirimiz Yaşar Gülər və MİT sədrimiz İbrahim Kalın ardıcıl olaraq İraqa səfər ediblər. Bu səfərlər İraqdakı bu mənfi hadisələrin yaratdığı atmosferi yumşaldıb, Türkiyə ilə İraq arasında həm mərkəzi hökumət, həm də Şimali İraqla bağlı atılan addımlar baxımından yaxşı inkişaflar olub. Dürüstlük və şücaətdən güzəştə getmədikcə, xüsusən də sərhədlərimizdə terror təşkilatının qurulmasına icazə verilmədiyi təqdirdə bu bölgədəki qonşularımızla birlikdə hər addımı atacağıq. Heç kim İraq və Suriyanın ərazi bütövlüyünə bizim kimi hörmət edə bilməz",- deyə o bildirib.
Ərdoğan qeyd edib ki, terrorla mübarizədə Ərbil rəhbərliyi ilə əldə etdiyimiz təcil müsbət istiqamətdə irəliləyir. Lakin təəssüf ki, Süleymaniyyə, yəni Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) rəhbərliyi bizim dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, terror təşkilatlarına dəstəyini davam etdirir.
"Biz görüşümüzdə bu məsələni gündəmə gətirdik, xəbərdarlığımızı etdik. Heç kim bizdən fərqli mövqe gözləməməlidir, lazım olan kimi reaksiya verəcəyik. Biz bu məsələni nəzərdən qaçıra bilmərik. Biz bacardığımız addımları atırıq və atacağıq. Ola bilsin ki, bir çox məsələlərə dözümlü olaq, amma məsələ bizim yaşamaq və milli təhlükəsizliyimizdirsə, tolerantlığın qapılarını bağlayıb, nə lazımdırsa, edəcəyik. Məqsəd bizə qarşı düşmənçilik yaratmaqdırsa, daha sərt addımlar atmaqdan çəkinməyəcəyik",- deyə Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan əalavə edib ki, ABŞ ilə aramızda atdığımız bu son addımlar nəticəsində bəzi müsbət irəliləyişlərdən danışmaq olar. Konqresdə əhval-ruhiyyə hazırda müsbətdir. Deyə bilərik ki, ABŞ-la eyni fikirdə olduğumuz və ya razılaşdığımız məsələlərin sayı artır. Hazırda heç bir mənfi tendensiya yoxdur, əksinə müsbət inkişaf var. Bu məsələ ilə bağlı müvafiq nazirlər həmsöhbətlərinə müsbət irəliləyişlərin olduğunu bildirirlər. Onlar bu məsələlərlə bağlı bu məlumatı həm xarici işlər naziri Hakan Fidana, həm MİT sədri İbrahim Kalına, həm də xarici siyasət və təhlükəsizlik üzrə baş müşavirimiz Akif Çağatay Kılıça verirlər.