Bakı. TurkicWorld:
Sülhə aparan yeganə yol müstaqil Fələstin dövlətinin qurulmasıdır.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Dubayda keçirilən “Dünya Hökuməti Sammiti”ndə çıxışı zamanı deyib.
“Əgər İsrail daimi sülh istəyirsə, o, ekspansionist arzularının arxasınca getməyi dayandırmalı və 1967-ci il sərhədləri əsasında müstəqil Fələstin dövlətinin mövcudluğunu qəbul etməlidir. Ötən il oktyabrın 7-dən bəri baş verən hadisələr göstərir ki, bugünkü böhranın mənbəyi BMT-nin qərarlarına baxmayaraq, Fələstin torpaqlarının işğalının getdikcə davam etməsidir. Özünü beynəlxalq hüquqdan üstün görən İsrail, on illərdir ki, işğal, qəsb, dağıtma və qırğın siyasətindən əl çəkmir. Fələstin xalqının hansı ədalətsizliklə üzləşdiyini anlamaq üçün uzağa getməyə ehtiyac yoxdur. Hətta 1948-ci ildən bəri İsrail-Fələstin xəritələrinə baxmaq belə, məsələnin ciddiliyini göstərmək üçün kifayətdir", deyə o bildirib.
Ərdoğan vurğulayıb ki, problemin mənbəyini düzgün müəyyən etməsək, həllini tapa bilmərik. Qəzzadakı humanitar faciənin və bölgəyə yayılma riski olan münaqişələrə son qoyulması ilk növbədə İsrailin Fələstin xalqının ən elementar hüquqlarını tanımasından asılıdır. 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövləti qurulmayınca, atılan hər addım yarımçıq qalacaq və problem həll edilməyəcək.
"Ona görə də bölgəmizdə sülhün, əmin-amanlığın və iqtisadi inkişafın yolu Fələstin dövlətinin yaradılmasından keçir. Bu kontekstdə biz sülhün bərqərar olması və qorunub saxlanması üçün digər regional ölkələrlə birlikdə qarantlıq da daxil olmaqla, məsuliyyəti öz üzərinə götürməyə hazır olduğumuzu ifadə etdik",- deyə Türkiyə prezidenti əlavə edib.
Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.
Aytac Süleymanova
Twitter: a_alieva_