Bakı. TurkicWorld:
6 Fevral tarixində zəlzələ itkilərini xatırlamaqla yanaşı, milli həmrəyliyimizi gücləndirdiyimiz bir tarix kimi xatırlayacağıq.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Zəlzələ bölgəsinə göndərdiyimiz 20 min avtomobil və tikinti texnikası, 141 helikopter, 182 təyyarə və 23 gəmi ilə işlərin fasiləsiz aparılmasını təmin etdik. Göndərdiyimiz 1 milyon çadırla təxminən 3 milyon insanın təcili sığınacaq ehtiyacını həll etdik. Bölgədə qurduğumuz 215 min konteynerlə daha yaxşı sığınacaq imkanları təklif etdik. Yaxınlarının yanına getmək istəyən 3,5 milyon fəlakət qurbanını təxliyə etdik. 350 min ailəyə kirayə dəstəyi ödədik. THY-nin rəhbərliyi ilə qurduğumuz hava yolu körpüsü sayəsində 712 min yük reysi ilə bölgəyə 33 min tona yaxın yardım materialı çatdırdıq",- deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidenti vurğulayıb ki, bu yaxınlarda Hatay və Qaziantepdə ilk tamamlanan evlərin püşkatma mərasimini və açarların təhvil verilməsi tədbirini keçirdik. Bu gün Kahramanmaraşda 9 min 289 ev üçün püşkatma keçirib açarları təhvil veririk.
"Bunlara əlavə olaraq, Kahramanmaraşda 20 min evin tikintisi sürətlə davam edir. 78 min vətəndaşımızın hamısına açarları çatdırana qədər gecə-gündüz dayanmayacağıq. Sabah Şanlıurfada və cümə axşamı Adıyamanda tikintisi başa çatacaq evləri vətəndaşlarımıza verəcəyik. Məqsədimiz ilin sonuna qədər 200 min yaşayış evini təhvil verməkdir. O zaman biz bu rəqəmi sürətlə 390 minə çatdıracağıq. Bu prosesi gecikdirmədən başa çatdıracağıq",- deyə Ərdoğan vurğulayıb.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.
Aytac Süleymanova
Twitter: a_alieva_