Son dəqiqə

Türkiyə Ali Yerlikaya

Biz əsrin fəlakətini əsrin həmrəyliyinə çevirdik - Ali Yerlikaya

Bakı. TurkicWorld:

Biz əsrin fəlakətini əsrin həmrəyliyinə, birliyinə çevirdik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə daxili işlər naziri Ali Yerlikaya deyib.

"Bir il əvvəl bu gün mərkəz Kahramanmaraş Elbistanda 7.6 bal gücündə ikinci zəlzələ baş verdi. Yaşadıqlarımız əsrin fəlakəti idi. 120 min kvadrat kilometr sahədə 11 əyalət, 124 rayon, 6 min 929 kənd və məhəllə ağır dağıntılara məruz qalıb. 53 min 537 həyatını itirdik, 107 min 213 vətəndaşımız yaralandı. İtirdiyimiz canlardan yalnız 12 min 718-i Kahramanmaraşda olub. 14 milyon vətəndaşımıza bilavasitə təsir edən əsrin fəlakətində dövlətimiz zəlzələnin ilk anından bütün qurum, təşkilatları, şəxsi heyəti, texnika və imkanları ilə tam bir ruhla fəlakət bölgələrində əzmlə fəaliyyətə başladı. İlk zəlzələdən cəmi 13 dəqiqə sonra, AFAD Türkiyədəki bütün xilasetmə qruplarımıza zəlzələ bölgələrinə hərəkət etməyi tapşırıb. AFAD ən yüksək səviyyə olan və beynəlxalq təcili yardım çağırışını ehtiva edən zəlzələdən cəmi 45 dəqiqə sonra saat 4-cü səviyyəli fövqəladə vəziyyət elan edib",- deyə nazir bildirib.

Yerlikaya qeyd edib ki, prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə kabinetin demək olar ki, bütün nazirlərinə zəlzələ fəlakətinin baş verdiyi yerdə koordinasiyanı təmin etmək üçün göstəriş verilib.

"Zəlzələnin birinci ildönümündə həyatını itirən vətəndaşlarımıza bir daha Allahdan rəhmət diləyirəm. Ailələrinə, yaxınlarına, əziz xalqımıza bir daha başsağlığı verirəm",- deyə Ali Yerlikaya əlavə edib.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər