Bakı. TurkicWorld:
Türkiyədə səfərdə olan Rusiya baş nazirinin müavini Aleksandr Novak 60 nəfərlik nümayəndə ilə bir sıra diplomatik görüşlər keçirir.
TurkicWorld xəbər verir ki, müzakirə olunacaq mövzular arasında Rusiya təbii qazının Türkiyə üzərindən Avropa ölkələrinə ixracı və taxıl dəhlizi ilə bağlı yeni razılaşmalar olacaq.
Bundan əlavə, İsrail-HƏMAS münaqişəsi də tərəflər arasında müzakirə ediləcək.
Qeyd edək ki, sözügedən razılaşmalar reallaşarsa, Türkiyə Aİ ölkələri üçün açar ölkə olacaq.
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.
Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.
Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.