Bakı. TurkicWorld:
Türkiyə müdafiə sənayesi istehsalı Ejder Yalçın 4X4 taktiki təkərli avtomobil Macarıstanda “Gidran” adı ilə istehsal olunacaq.
Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.
Məlumata əsasən, Nurol Makina və Raba 4X4 taktiki təkərli avtomobillərin istehsalı üçün "Gidran" adlı birgə müəssisə quracaq və istehsal Macarıstanın Qyor şəhərindəki müəssisədə həyata keçiriləcək.
Bundan əlavə, əməkdaşlıq çərçivəsində 200-dən çox insan üçün birbaşa iş imkanlarının yaradılması gözlənilir. Rabanın tərəfdaşları arasında olan Qyor Szechenyi Istvan Universiteti və Macarıstanın müdafiə sənayesi şirkətləri ilə orijinal alt sistem və texnologiyaların inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Türkiyənin Nurol Makina şirkəti 2019-cu ildən Macarıstandakı fəaliyyətinin davamı olaraq Gidran avtomobillərinin istehsalı üçün Raba avtomobil şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniczky və Nurol Holding İdarə Heyətinin üzvü Gürol Çarmıklinin qatıldığı mərasimdə tərəflər adından imzaları Nurol Makina baş direktoru Engin Aykol, Nurol Makina Macarıstan Top Meneceri Mehmet Atak, N7 Holding Top Meneceri Laszlo Palkovics atıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01







