Bakı. TurkicWorld:
Ümumdünya Səhiyyə Təşkilatı liderlik məsuliyyəti və təcili zəruri tədbirlər görməklə Qəzzada səhiyyə xidmətlərinin təhlükəsizliyinə zəmanət verməlidir..
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca ÜST-nin Baş direktoru Dr. Tedros Adhanom Ghebreyesusa yazdığı məktubunda bildirib.
"Qəzzanın ehtiyac duyduğu səhiyyə xidmətini təmin etmək üçün göstərdiyiniz bütün səylərə görə sizə və üzvü olduğumuz təşkilatınıza təşəkkür edirəm. Bilmənizi istərdim ki, ölkəm müharibə qurbanları, xüsusilə də xəstə uşaqlar üçün lazımi səhiyyə xidmətlərini Qəzzaya çatdırmağa, yaralıları Türkiyədə müalicə etməyə hazırdır və lazımi tədbirləri görür. İnsanların həyatını xilas etmək üçün çatışmayan tək şey isə lazımi şəraitin yaradılmasıdır", - deyə o vurğulayıb.
Xatırladaq ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzada Əl-Əhli Ərəb Xəstəxanasına edilən hücumdan sonra Ümumdünya Səhiyyə Təşkilatının yüksək səviyyəli rəhbərləri ilə telefon danışıqları aparıb. O, danışıqlar zamanı Türkiyənin bölgəyə xəstəxana gəmisi göndərməyə və ya Qəzzada və Rəfah Sərhəd Qapısına yaxın nöqtələrdə sahə xəstəxanaları qurmağa, bu vasitə ilə fələstinlilərə sağlamlıq xidməti göstərməyə hazır olduğunu bildirib.
Ləman Əsədli
Twitter: Lamanasadli01