Türkiyə-Liviya əlaqələrində enerji və logistika lokomotiv sektorlardır

Türkiyə-Liviya əlaqələrində enerji və logistika lokomotiv sektorlardır

Bakı. TurkicWorld:

Türkiyə-Liviya əlaqələrində enerji və logistika lokomotiv sektorlardır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə-Liviya üzrə xarici iqtisadi əlaqələr şurasının (DEİK) və Karanfil qrupunun idarə heyətinin sədri Murtaza Karanfil danışıb.

Murtaza Karanfil bildirib ki, Türkiyə ilə Liviya arasında iqtisadi əlaqələr son dövrlərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib.

"Türkiyə ilə Liviya arasındakı əlaqələrin lokomotivi olaraq iki sektor ön plana çıxır. Birinci sektor enerji, ikinci planda isə logistika yer alır. Enerji, müasir dünyada xarici siyasət və siyasi iqtisadiyyatı müəyyən edən əsas sahələrdən biridir və böyük potensiala malik bir sektordur",- deyə sədr əlavə edib.

Karanfil qeyd edib ki, Liviya ilə Türkiyə arasında başda enerji və ticarət sahəsində artan əməkdaşlıq, Liviyanın, bütünlükdə isə Afrikanın sabitliyini və inkişafını təmin edəcək. Liviya həm də Avropa üçün yeni təchizat nöqtəsidir.

"Liviyanın coğrafi mövqeyi və nəqliyyat infrastrukturu logistika sektorunun inkişafına imkan verir. Türk şirkətlərinin Liviya limanlarının işlətməsi və logistik mərkəzlərin yaradılması Türkiyənin Afrika və Avropa ticarət xətlərində effektivliyini artıra bilər. Bu əməkdaşlıqlar təkcə iqtisadi deyil, həm də siyasi sabitlikdir. Bu kontekstdə Türkiyənin Liviya ilə əməkdaşlığı regional sabitlik və inkişafın mühüm göstəricisi kimi önə çıxır",- deyə sədr vurğulayıb.

Qeyd edək ki, 30 Avqust 2023-cü il tarixində Türkiyə Xarici İşlər naziri Hakan Fidan, Liviya Dövlət Ali Şurasının sədri Məhəmməd Miftah Təkanı qəbul edib.

Aytac Süleymanova

Twitter: a_alieva_