"Baykar Teknoloji" Pakistanın aerokosmik sahəsinə dəstək olacaq (ÖZƏL)

"Baykar Teknoloji" Pakistanın aerokosmik sahəsinə dəstək olacaq (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanan AKINCI Pilotsuz Uçuş Aparatı (PUA) Pakistan Milli Aerokosmik Elm və Texnologiya Parkında (NASTP) yerləşdirilib.

Bu barədə TurkicWorld-ə özəl olaraq Türkiyə hərbi mənbələrindən məlumat verilib.

Məlumata əsasən, Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən 4 avqust tarixində açılışı edilən Pakistan Milli Aerokosmik Elm və Texnologiya Parkında Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar da iştirak edib.

Açılış proqramından sonra Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və NASTP komandiri general-leytenant Qulam Abbas Qumman arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Daha sonra, Şahbaz Şərif, Səlcuq Bayraktar, Pakistan Baş Qərargah rəisi general Seyid Asim Munir Əhməd Şah, Hərbi Hava Qüvvələri Komandanı General Zaheer Ahmed Baber Sidhu və NASTP komandanı general-leytenant Qulam Abbas Qumman Bayraktar AKINCI qarşısında xatirə şəkli çəkdiriblər.

Xatırladaq ki, Bayraktar AKINCI PUA 2023-cü ilin iyul ayında Pakistan Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib.

Qeyd edək ki, ilk mühərrik inteqrasiya testini 1 sentyabr 2019-cu ildə tamamlayan "Akıncı" PUA-ları ilk uçuşunu 6 dekabr 2019-cu ildə uğurla həyata keçirib. "Akıncı" ilk uçuşundan təxminən 1,5 il sonra, 29 avqust 2021-ci ildə Türkiyə Hərbi Qüvvələrinin inventarına daxil olub.

Ləman Əsədli

Twitter: lamanasadli01