Türk dilinin BMT dili siyahısına əlavə edilməsi artıq dünyanın tələbidir - Aydın Quliyev

Türk dilinin BMT dili siyahısına əlavə edilməsi artıq dünyanın tələbidir - Aydın Quliyev

Bakı, TurkicWorld

Türk dilinin BMT-nin dil siyahısına əlavə edilməsi artıq dünyanın tələbidir. Bu sözləri TurkicWorld-a özəl açıqlamasında politoloq Aydın Quliyev deyib.

O bildirib ki, BMT-nin 6 rəsmi dilinin sırasına türk dilinin də əlavə olunması ədalətli olardı.

“Bu həm müasir dünyada gedən proseslərin tələbinə, həm də dünyanın inkişafında türkdilli dövlətlərin və ölkələrin yaratdıqları reallıqlara daha çox uyğun olardı. Vaxtilə BMT yarananda onun beynəlxalq işçi dilləri sırasında Alman, İngilis, Fransız, Çin, Rus və digər dillər qəbul olundu. Bu da onunla izah olunurdu ki, həmin dillərdə danışan xalqların təmsil etdiyi dövlətlər BMT sistemində əsas aparıcı gücə malikdilər və BMT təhlükəsizlik şurasının üzüvləri idi. O zamanlar Alman dilini də ona görə qəbul etdilər ki, Almaniya ikinci dünya müharibəsindən çıxmış və tamamilə dağılmış bir vəziyyətdə idi. Təşkilat alman xalqına dəstək jesti olaraq bu siyahıya alman dilini də daxil etdi”,- deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, 80 il bundan əvvəl yaranmış BMT strukturları o zamanki reallıqlara uyğun idisə bugünki reallıqlara qəti şəkildə uyğun gəlmir.
“Dünyanın beş dövlətdən ibarət olmadığını nəzərə alsaq, BMT Təhlükəsizlik Şurasının tərkibində xüsusilə də onun daimi üzüvlərinimn sırasında dəyişiklik edilməsi, islahat aparılması tələbini artıq dünyanın əsas qüvvələri özləri də qəbul etməyə başlayıblar. Hətta, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ölkələrin aparıcısı sayılan ABŞ rəsmi mövqeyini bildirib ki, Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilsin, onun qərarları daha operativ və daha sürətli həyata keçirilə bilsin. Bir halda ki, BMT-nin 80 il əvvəlki reallıqları bugünki reallıqlarla uzlaşmır”, - deyə Aydın Quliyev deyib.

Politoloq bildirib ki, Türk dilinin bu siyahıya əlavə edilməsi zamanın və dünyanın artıq tələbidir.

“Türk dünyasında böyük inkişaf var. Türk dilli ölkələrin inteqrasiyası artıq beynəlxalq bir faktora çevrilib. Türkiyənin son illərdə əldə etdiyi nəticələr ölkənin dünya siyasətindəki, rolu, qatqısı dünya sülh siyasətinə tövhəsi və Türkiyənin bir geosiyasi və geoiqtisadi gücə çevrilməsi Türk dilinin önəmini xeyli dərəcədə artırıb və onun üçün belə bir haqqı artıq təmin edib. Bu gün türkdilli ölkələr, Türkiyənin özü, Azərbaycan, Mərkəzi AsiyanınTürk dilli dövlətləri dünyanın həm siyasi hərbi proseslərində, həm də enerji təhlükəsizliyi prosesində çox böyük qatqıya malikdir. BMT-nin dilləri sırasında tez bir zamanda islahat aparılması və türk dilinin ora daxil edilməsi təkcə bizim arzumuz deyil. Bu həm də qlobal proseslərin tələbinə uyğun bir reallıqdır”,- deyə Quliyev vurğulayıb.

Mehriban Xəlilli

@MXalilbekova