Azərbaycan Makronun vasitəçi qismində bu prosesə qoşulmasını istəmir – Aydın Quliyev (ÖZƏL)

Azərbaycan Makronun vasitəçi qismində bu prosesə qoşulmasını istəmir – Aydın Quliyev (ÖZƏL)

Bakı TurkicWorld

Azərbaycan Makronun vasitəçi qismində bu prosesə qoşulmasını istəmir, Bu sözləri TurkicWorld-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Brüsell görüşləri artıq özünü iddialı bir format kimi təsdiqləyib.

“Son iki ildə, 2021- ci ilin dekabrından başlayaraq indiyə qədər Brüsell formatı çərçivəsində beş görüş keçirilib. Vaşinqton, nə də Moskva formatı çərçivəsində keçirilən görüşlər bu qədər məhsuldar nəticələr verməyib.

Ötən ilin avqust ayından bu yana ilk dəfə məhz Brüssel formatı çərçivəsində liderləri görüşdürmək mümkün oldu. Bu da Brüssel formatının həqiqətən iddialı, perspektivli format olduğunu özündə ehtiva edir.

Əvvəlki Brüssel formatlarında əldə olunmuş nəticələr normallaşma prosesində çox sürətli dəyişikliklər yaratmasa da, konkret nəticələr ortaya qoyub. Azərbaycan-Ermənistan arasında qarşılıqlı etimad yaratmaq tədbirlərin həyata keçirilməsi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi, hərbi əsrlər, girovlarla, itkin düşənlərlə bağlı informasiya mübadiləsinin həyata keçirilməsi, kommunikasiyaların açılması, Azərbaycanın Qərb bölgələri ilə Zəngəzur üzərindən Naxçıvana dəhlizin açılması və s. bu kimi ideyalar məhz ilk dəfə ən ardıcıl şəkildə Brüssel formatı çərçivəsində aktuallaşdırılıb və müzakirələr aparılıb”.

Politoloq bildirib ki, Brüssel formatını davamlı və daha işlək formata çevirmək gündəmdə olan məsələlərdəndir.

“Buna görə də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel çox qısa müddətdən sonra yeni görüşün keçirilməsi ilə bağlı razılaşmanı əldə etməsi də əhəmiyyətli nəticələrdən biridir. Brüssel formatını idarə edən qüvvəllər bu formatda fasilə yaranmasını istəmir. Burada narahatlıq doğuran bir məsələ Fransa prezidenti Makronun Brüssel formatı çərçivəsində danışıqlara yenidən qayıtma cəhdləridir. Əgər Avropa Birliyi və onun rəhbəri Şarl Mişel Makronun bu formata qayıdışı üzərində təkid edəcəksə, qorxuram ki, Brüssel formatı çərçivəsində başlamış mütərəqqi tərpənişlər və proseslərdə müəyyən fasilə yaransın. Çünki Azərbaycan çox ciddi əsaslarla vasitəçi qismində Makronun bu prosesə qoşulmasını istəmir. Əgər Avropa Birliyi Azərbaycanın bu obyektiv istəyinə anlayışla yanaşacaqsa, yaxın zamanlarda Brüssel formatının daha konkret nəticələrindən və uğurlarından danışa bilərik”,- deyə Aydın Quliyev deyib.

Mehriban Xəlilli
@MXalilbekova