Türkiyədə keçiriləcək ikinci tur prezident seçkilərinin taleyini sadə səs çoxluğu həll edəcək- Aydın Quliyev (ÖZƏL)

Türkiyədə keçiriləcək ikinci tur prezident seçkilərinin taleyini sadə səs çoxluğu həll edəcək- Aydın Quliyev (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyədə keçiriləcək ikinci tur prezident seçkilərinin taleyini sadə səs çoxluğu həll edəcək.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında politoloq Aydın Quliyev deyib.

Politoloqun sözlərinə görə, Türkiyədə “ATA ittifaqı” bir seçki bloku olaraq yaradıldığı üçün, onun dağılması gözlənilən idi.

“Əgər ATA İttifaqı uzunmüddətli siyasi blok kimi yaradılmış olsaydı, onun daha uzunmmüddətli zaman kəsiyində fəaliyyət perspektivlərindən danışmaq olardı”.
O, həmçinin seçkilərin ikinci turunda hansı nəticələrlə yekunlaşacağı məsələsinə də toxunub.

“Sinan Oğanın verəcəyi qərarın proseslərə təsirinə gəlincə, Sinan Oğana 1-ci turda 2 milyon 800 min seçici səs verib. Mayın 28-də keçiriləcək 2-ci tur seçkilərində Sinan Oğanın ona 1-ci turda səs vermiş 2 milyon 800 min seçicinin səsinin olduğu kimi saxlıya biləcəyini demək olduqca çətindir.

Yəni Sinan Oğana səs vermək üçün gəlmiş 2 milyon 800 min seçicinin səsini və hansı hissəsinin mayın 28-də seçkiyə , səsverməyə qatılacağını bu başdan söyləmək mümkün deyil. Burada hər şey Sinan Oğanın seçici elektoratının ona və onun idealogiyasına nə dərəcədə bağlı olduğundan asılıdır. Əgər bu 2 milyon 800 min insanın idealogiyasına səmimi və ardıcıl şəkildə bağlıdırsa, onun əhəmiyyətli bir hissəsinin seçkidə iştirak edəcəyi gözləniləndir”.

O qeyd edib ki, Sinan Oğanın seçici elektoratının bu proses üçün əhəmiyyəti var.

“Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, növbəti dəfə seçkinin nəticələrini 50 +1 səs yox, sadə səs çoxluğu həll edəcək. Yəni burada Ərdoğanla Kılıçdaroğlunun alacağı səslərin nəticəsində qalib 50+1 nisbəti ilə yox, sadə səs çoxluğu ilə müəyyənləşəcək. Bu mənada Sinan Oğana bağlı seçici elektoratının həlledici təsirə malik olacağını söyləmək mümkünsüzdür. Ola bilər ki, Sinan Oğanın elektoratının seçkiyə qatılıb-qatılmamasında asılı olmayaraq seçkinin nəticələrini ayrı faktorlar müəyyənləşdirsin . Amma Sinan Oğanın seçicilərinin bu seçkiyə mütəşəkkil şəkildə qatılması, əlbəttə Türkiyədə cəmiyyətin siyasi yetkinliyinin və siyasi məsuliyytəinin daha bir göstəricisi ola bilər.

Qeyd edək ki, ötən gün "ATA ittifaqı" rəsmi olaraq fəaliyyətini bitirdiyini açıqlayıb.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Mehriban Xəlilli

@MXalilbekova