Ciddə görüşündə iştirak Azərbaycanın sülh və islam həmrəyliyi siyasətində nə qədər ardıcıl olduğunun ifadəsidir - Aydın Quliyev

Ciddə görüşündə iştirak Azərbaycanın sülh və islam həmrəyliyi siyasətində nə qədər ardıcıl olduğunun ifadəsidir - Aydın Quliyev

Bakı. TurkicWorld:

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər nazirlərinin Ciddə şəhərində görüşünə cəmi 21 nazir qatıldı.Halbuki orada 57 ölkənin nazirləri olmalı idi.İsrail- Fələstin müharibəsinin yeni qanlı mərhələsinin müzakirə olunduğu görüşdə İƏT üzvlərinin heç yarısı da iştirak etmir. Düşündürücüdür. Pis faktdır.

TurkicWorld-un məlumatına görə, bu barədə "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, oktyabrın 7-də Qəzzadakı hadisələrlə başlanmış qarşıdurmadan sonra ABŞ, Almaniya, Britaniya, Fransa, İsrail özü və bir sıra digər ölkələr ümumi müraciətlərlə bütün ölkələri, o cümlədən yaxın region ölkələrini bu məsələyə müdaxilə etməməyə çağırdılar:

"Bəzi müsəlman ölkələrinin bu çağırışdan ehtiyatlandıqları güman oluna bilər. Lakin unudulmamalıdır ki, İƏT- in nazirlərinin Ciddə görüşündə iştirak etməsi heç bir halda Fələstin- İsrail müharibəsinə müdaxilə etmək demək deyil, bu cür yozula bilməz,çünki hətta sırf din prinsiplərindən yanaşsaq belə sülh carçılığı islamın ana prinsipidir.Yəni axan qanı dayandırmaq zərurəti varsa, özünü müsəlman sayan heç bir ölkə bu anda yaxasını kənara çəkməli deyil.

Beləliklə, İƏT üzvü ölkələrin yarıdan çoxunun Ciddə görüşünə qatılmaması təqdir oluna bilməz, bu təşkilatın daha mütəşəkkil quruma çevrilməsi perspektivlərini təhlükəyə atır, islami həmrəylik kimi müqəddəs və lazımlı prosesin sabahını sual altında qoyur.

Təkcə bu deyilən arqumentlər Ciddə görüşündə Azərbaycan Prezidentinin adından Ceyhun Bayramovun iştirakının nə qədər önəmli və düşünülmüş addım olduğunu ortaya qoyur.Əslində bu sadəcə addım yox, illərdi Azərbaycan prezidentinin yürütdüyü islam həmrəyliyi siyasətinin davamıdır.Fakt sübut edir ki, Azərbaycanın İƏT müstəvisində islam həmrəyliyinə mütəşəkkil, sistemli xarakter vermək cəhdləri həmişə səmimi və ardıcıldır"

Aydın Quliyev qeyd edib ki, Azərbaycanın Ciddə görüşündə iştirakı islami həmrəylik prosesində sadəcə səmimiyyətdən və bu prosesə töhfə vermək istəyindən irəli gəlmir:

"Bu həm də Azərbaycanın bütün münaqişə ocaqlarına sülh gətirmək niyyətindən doğan sülhsevər siyasətinin ifadəsidir.

Azərbaycan XİN-in Ciddədə iştirakı onu da ifadə edir ki, bu mürəkkəb vəziyyətdə də prinsipial mövqeyə malikdir. Açıq deyək ki, bəzi islam ölkələrinin münaqişələrə münasibəti öz maraqlarından və geosiyasi seçimlərdən asılı olaraq ya ziddiyyətli ,ya da selektiv xarakter daşıyıb.Yaxın Şərq probleminə ən düzgün yanaşmanın nədən ibarət olduğuna cavab tapa bilməyiblər, hadisələrin axınına düşüb gediblər .Bəziləri İsraili, ya Fələstini müdafiə etmək seçimində çarəsiz qalıb, bəziləri yanlış seçim edib, bəziləri səslərini içinə alıb " Mən salamat qalım" deyiblər .Nəticə isə bu cür acınacaqlı alınıb.Dünya Şərqdə yanır, bəzi müsəlman ölkələrinin səsi çıxmır, insan fəlakətinə göz yumurlar, hərdən də alınlarınını möhürə döyüb işlərini bitmiş sayırlar.Bu ölkələrin bir çoxu Ermənistanın Azərbaycana təcavüzü faktına və bundan törətmiş 30 illik insani fəlakətə də susmuşdular.Hətta Prezident İlham Əliyevin çağırışlarına baxmayaraq Ermənistanla qucaqlaşanlar da olmuşdu, məscidlərə it, donuz bağlayan ermənilər " qurandan, ələmdən" üstün tutulmuşdular.

Azərbaycan Ciddə görüşünə qatılmış az sayda ölkələrdən biri olaraq həm cəsarətini və ədalətini göstərdi, həm də məlum müsəlman ölkələrinə sübut etdi ki, zarici siyasət güclünün, ya zəifin tərəfini tutmaq prinsipi ilə yox , beynəlxalq hüquq normaları əsasında müəyyən edilməli və həyata keçirilməlidir.Bu mənada Azərbaycan həm İsraillə, həm də bütün ərəb dünyası ilə hər zaman əla səviyyələrdə qərarlaşmış siyasət qura bildi.Tək bir fakt. Məhz beynəlxalq hüquqa üstünlük verilməsinin nəticəsidir ki, Azərbaycan prezidentinin Yaxın Şərq probleminə dair " iki süveren dövlət" prinsipinə söykənən siyasəti praktik şəkildə bütün dünya tərəfindən normal qarşılanır.Elə buna görə də bu ilin əvvəllərində eyni vaxtda İsraildə və Fələstində diplomatik təmsilçiliklərimizin açılması düzgün taktika kimi qəbul edildi.

Azərbaycanın bəzi müsəlman ölkələri kimi ya İsraildən, ya da Fələstindən çəkinmək və ya kompleksə düşmək kimi problemi yoxdur .Çünki bütün münaqişələrə münasibətdə öz diplomatiyasını beynəlxalq hüquqa, ədalətə, humanizmə, sülh və təhlükəsizliyə uyğun qurur. Ən düzgünü də elə budur."