Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub

Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub

Bakı. TurkicWorld:

Fevralın 27-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Qırğız Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən TurkicWorld-a bildiriblər ki, tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, Qırğızıstan Azərbaycan Ticarət Palatasının rəhbəri, Qırğızıstan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri və digər qonaqlar iştirak edib.

Tədbir hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov Azərbaycan-Qırğız Respublikası münasibətlərinin 30 illik inkişaf yoluna nəzər salıb. Ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın ortaq tarixi, mədəni dəyərlərindən qaynaqlandığını bildirib. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayan nazir müavini Xələf Xələfov, həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı uğurlu fəaliyyətin mövcudluğunu qeyd edib. Sonda nazir müavini Xələf Xələfov ölkələrimiz arasındakı çoxşaxəli münasibətlərin xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Daha sonra çıxış edən Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Kayrat Osmonalıyev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkələrimiz arasında diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığının qarşılıqlı faydalı tərəfdaşlıq, dostluq əsasında qurulduğunu və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. Hər iki ölkənin məqsədinin türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə vermək olduğunu qeyd edən səfir, ötən il Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfərinin, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlərin iki qardaş ölkənin münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu bildirib.

Sonda tədbir iştirakçıları Azərbaycan və Qırğız Respublikası arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.